Close

4 oktyabr - Cəbrayıllıların yuxularının çin olduğu gün

Vətən müharibəsinin 8-ci günündə, 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edildi. Bu xəbərə bütün Azərbaycan sevinsə də, cəbrayıllıların sevinci başqa idi.

O möhtəşəm qələbə xəbərini almağımızdan 4 il keçir. Bu müddətdə ermənilərin viran qoyduğu Cəbrayılın yenidən qurulması istiqamətində xeyli iş görülüb. Hətta şəhərə ilk köç də göndərilib. İndi bütün cəbrayıllılar doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

TNS-in əməkdaşı Cəbrayıldan olan jurnalistlərlə bu barədə söhbət edib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin redakdoru, jurnalist Ramilə Qurbanlı deyib ki, işğalı yaşayan insan üçün Cəbrayılın azadlığını görmək əvəzolunmaz hissdir: “Hazırda Cəbrayıl rayonundayam, doğma el-obamda.  Cənab Prezident İlham Əliyev Cəbrayıl rayonunda inşa edilən binaların açılışında iştirak etdi. Şəhərin azad edilməsi günü münasibəti ilə konsert keçirilir. Ətrafda Cəbrayıl xalçaları, rəsm əsərləri sərgilənir. Cəbrayılın işğaldan öncəki fotoları nümayiş etdirilir.

Sevinc, fərəh hisslərimi hansı cümlələrlə ifadə edəcəyimi bilmirəm. Mən bütün vücudumla azadlıq qürurunu, sevincini yaşayıram”.

Modern.az saytının redaktoru Əfqan Qafarlı isə bildirib ki, 28 illik ayrılıqdan sonra doğma torpağa ayaq basmaq böyük xoşbəxtlik idi: "4 oktyabr yaddaşımızda əbədi qalacaq bir tarixdir. Bu tarix bizə 30 ilin ağrı-acısını unutdurdu, arzularımızı gerçəkləşdirdi. O torpağı bizə bəxş edən şəhidlərə min dəfə rəhmət diləyir, döyüşçülərimizə min dəfə alqış edirik.

Cəbrayıl işğaldan azad olunandan sonra rayonumuza ilk dəfə 2021-ci ilin aprelində getmişdim. Təbii ki, 28 il əvvəl qoyub gəldiyim gözəlliklərin heç biri yox idi. Hər yer ürəkağrıdan mənzərəydi. Ömrümün 20 ilini keçirdiyim doğma kəndim yerlə-yeksan edilmişdi. Dağıdılmış, viran edilmiş, xarabalığa çevirilmiş ev-eşikləri görmək dəhşətliydi...

Həm kədərliydi, həm də sevincli. Torpaqlarımız geri alınmışdı, bundan böyük təsəlli ola bilməzdi.

Cəbrayıldan köçkün düşən elə adamlar vardı ki, vərəmləmişdi, ağır xəstəliklərdən əziyyət çəkirdi, amma doğma yurda qayıtmaq arzusu onları həyatda qalmağa məcbur edirdi, ölməyə qoymurdu...

Düzdür, yurd həsrətilə həyatdan köçənlər də az olmadı. Lakin o torpaqlara qayıtmaq ümidi, yanğısı çoxlarını “ağ bayraq” qaldırmağa qoymadı.

Şükür Allaha, artıq Cəbrayıla qayıdış başlayıb, indi orda həyat var, evlər tikilib, yollar çəkilib, məktəb açılıb, ağaclar əkilib, böyük abadlıq-quruculuq işləri görülür. Yəqin ki, tezliklə yenə körpələr də doğulacaq, torpaqlar əkilib-becəriləcək.

Cəbrayıla qayıdış günü təəssüratımız ancaq xoş hissələr üzərində köklənib. Əminəm ki, Cəbrayıl həsrətilə həyatdan köçən nigaran ruhlar da artıq şaddır. Vaxtilə Cəbrayıldan gözüyaşlı çıxan insanlar indi üzügülər halda geri qayıdırlar.

İstərdim ki, bütün işğaldan azad olunmuş rayonlarımızda çoxlu iş yerləri açılsın, vaxtilə orada dədə-baba mülkü olmuş insanlara torpaq sahələri verilsin ki, əkib-becərsinlər. O rayonların sakinləri tikinti-quruculuq işlərinə cəlb edilsin".

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Samirə Əşrəf Cəbrayılda aparılan abadlıq və bərpa işlərinin keçmişin yaralarına məlhəm kimi gəldiyini deyib: “Cəbrayıl çox gözəl təbiətə malik olan rayon idi, amma düşmən işğal dövründə o gözəllikləri məhv edib, xarabalığa çevirib.

Yenə də şükürlər olsun, 28 illik ayrılıqdan sonra doğma torpağımıza ayaq basmağın sevincini yaşayırıq. İllərlə Cəbrayıl həsrətin cəkmişəm, atam, anam “Cəbrayıl” deyə-deyə dünyadan köçdü. Bu günü bizə yaşadan şəhidlərmizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin, dövlətimiz var olsun. Cəbrayılın işğaldan azad olunması mənim üçün çox gözəl bir hissdir. Bütün xatirələrim, hekayələrim, hamsı Qrabağla bağlıdır”.

APA İnformasiya Agentliyinin redaktoru Məhbubə Qasımbəylinin sözlərinə görə, o xəbərləri eşitmək sözlə ifadə olunmayacaq dərəcədə sevincli, qürurlu anlar idi: “27 illik məcburi köçkünlüyün ağrıları, çətinlikləri o anlarda yaddan çıxdı. 4 il əvvəl Cəbrayılın bir neçə kəndinin, daha sonra Cəbrayıl şəhərinin işğaldan azad olunması xəbərlərini eşidəndə hamı kimi mən də inana bilmirdim. İllər keçdikcə torpaqlarımızın işğaldan azad olunacağına inamımı itirməyə başlamışdım. Ərazilərimizin azad olunması xəbərləri rəsmi elan olunanda hisslərə hakim olmaq, göz yaşlarını saxlamaq mümkün deyildi. Gözaydınlığına, təbrikə görə zəng edənlərin hamısı ilə ağlaya-ağlaya danışırdım. Bütün bunlar uzun zaman adama yuxu kimi gəlirdi. Daşı daş üstündə qalmayan, yandırılan Cəbrayıla daxil olanda çox yeri tanıya bilməmişdim, qoyub gəldiyimiz yerlərdən əsər-əlamət qalmamışdı. Düşünürdüm ki, bərpa prosesinə çox böyük zaman lazım olacaq.

İndi xəyallarımız gerçək olur, düşmənin darmadağın etdiyi, şəhidlərimizin qanı bahasına azad etdiyimiz torpaqlar, o cümlədən Cəbrayıl dirçəlir. Xeyli vaxtdır ki, Cəbrayılda quruculuq işləri başlanıb, yollar, müəssisələr inşa olunur.

İşğaldan azad olunmanın 4-cü ildönümü, Cəbrayıl Şəhəri Günündə də bu proses davam edir. Artıq bir neçə gündür, Cəbrayıla köç başlayıb. 

Bu gün Azərbaycan Prezidenti Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib.

İndi 30 ilə yaxın davam edən işğalın ağrı-acılarını unudaraq bunun sevincini, qürurunu yaşayırıq, şəhidlərimizi, torpaq, yurd nisgili ilə dünyadan köçənlərimizi anırıq! Allah hər birinə rəhmət eləsin, ruhları şad olsun!”

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə isə orada keçən günlərini unuda bilməyib: “Biz 27 il Cəbrayıla həsrət qaldıq, amma bir gün də Cəbrayılsız qalmadıq, doğma yurdumuz xatirəmizdə, yuxularımızda hər an canlanırdı.

Cəbrayılın işğaldan azad olunması bütün rayon sakinlərinin ümüd işığı oldu. Bütün cəbrayıllılar Cəbrayıla qayıdıb öz ata-baba çırağını yandırmaq istəyir. Cəbrayıl rayonu kiçik olsa da, Azərbaycan elminə, mədəniyyətinə gözəl töhfələr verib.

Artıq 540-dan çox ailə Cəbrayıla qayıdıb.

Çox istəyirəm ki, Cəbrayılın abadlaşdırılması prosesində yerli əhalinin potensialından da istifadə edilsin. Cəbrayılda sənətkarlar çoxdur, saymaqla bitməyən dülgərlər, inşaatçılar, digər peşə sahibləri var. Hər bir Cəbrayıl sakininin gözü aydın olsun”.

Ayşən Azadova