Cəbrayılda seçici aktivliyi müşahidə edilir
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı Cəbrayıl şəhərində və Soltanlı kəndində seçicilərin səs verməsi üçün məntəqələr faəliyyət göstərir.
TNS-in yerli müxbiri xəbər verir ki, məntəqələrdə seçicilərin aktivliyi müşahidə edilir.
İşğaldan azad olunan Cəbrayılda çalışan işçilərin səs vermədə iştirakı üçün iki seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan biri - 80 saylı seçki məntəqəsi Cəbrayıl şəhəri ərazisində, digəri - 81 saylı seçki məntəqəsi isə Soltanlı kəndi ərazisindədir.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin əhatə etdiyi 82 seçki məntəqəsi üzrə 54486 seçici qeydə alınıb ki, onlardan da ilk dəfə səs vermədə iştirak etmək hüququ olanların sayı 570 nəfərdir. İşğaldan azad olunan ərazilərdəki seçki məntəqələri də daxil olmaqla dairə üzrə bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb.
Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.
Ziya Əmirxanlı