Bu yaranı sağaltmağa zamanların gücü yetməz
...Deyirlər dərdin, sitəmin, ələmin məlhəmi zamandır. O, ən ağır dərdlərə əlac olur, ən dərin yaralara ilac olur, qaysaqladır, sağaldır, ağrı- acısını unutdurur. Ola bilsin ki, fərdi mahiyyət anlamında bu deyimin gerçəkliyi mümkündür. Lakin elə bəşəri müsibətlər, ümummilli faciələr var ki, onları sağaltmağa, unutdurmağa nə zamanların, nə də tarixi kəşməkəşlərin gücü yetir, qüdrəti çatır. Onlar qan yaddaşına hopur, dərin köklər atır, qaysaq tutmayan, sağalmayan yara kimi qalır, baş vermə günü yetincə, yenidən qanayır, ürək parçalayır, sinə dağlayır...
Tariximizə qanla yazılan, qəddarlıq, vəhşılık, amansızlıq miqyasına görə analoqu olmayan Xocalı qətliamı da belə bir qanlı hadisə, tarixi, bəşəri cinayətdir. O, təkcə bir millətə, ulusa qarşı soyqırım faktı deyil, insanlığa, bəşəriyyətə yönəlik qəddarlıq, vəhşilik nümunəsi, soyqırım aktıdır. Odur ki, Xocalı faciəsi, nəinki xalqımızın milli yaddaşında yaşayacaq, eləcə də, bəşər tarixindən heç vaxt silinməyəcək, unudulmayacaq, hər zaman xatırlanacaqdır. Hər ilin 26 fevral günü tarixin yaddaşı yenidən qan sızacaq, günahsız Xocalı qurbanlarının ürəklər parçalayan fəryadı, ah-naləsi yaddaşlarda əks-səda verəcək, ruhları ehtiramla anılacaq, insanlıq adına ləkə olan erməni cəlladları, eləcə də buna rəvac verən havadarları nifrətlə, qəzəblə lənətlənəcək.
Xatırlanacaq ki, Azərbaycanda zamanın qarışıq, boz-bulanıq çağında, mərkəzdə dərəbəyliyin, kürsü hərisliyinin, hakimiyyət davasının tüğyan etdiyi bir vaxtda unudulan Xocalının harayı eşidilməyib, bu şəhər düşmən əhatəsində yalqız qalıb. Bu fürsətdən ruhlanan erməni qəsbkarları Xankəndidə yerləşən 366-cı motoatıcı alayın köməyilə yüngül silahlarla müdafiə olunan, son nəfəsinəcən düşmənə müqavimət göstərən mərd, əyilməz igidləri şəhid edib qoruduqları Xocalını od- alova bürüyüb, viranəyə, xarabazarlığa çeviriblər...
Həmin gün sərt şaxtalı, ayazlı gecədə odlara qalanan evlərindən, yuvalarından qaçıb dağlara, meşələrə səpələnən qadınlar, uşaqlar, qocalar insanlıq adına, müharibə qanunlarına sığmayan qəddarlıqla qətlə yetiriliblər. Və həmin gecə xüsusu amansızlıqla qətl edilən 613 nəfər dinc sakinin, o cümlədən, 63 uşağın, 106 qadının, 70 qocanın, ahılın yanıqlı naləsinin əks-səda hər zaman ürəklər parçalayacaq. Əsir götürülən 1275 nəfər qadına, uşağa, gəncə, yaşlıya verililən işgəncələrin ağrısı-acısı tarixin bütün dövrlərində yaşanacaq.Taleyindən hələ də xəbər olmayan 150 nəfər insanın xatirəsi daim anılacaq. Günlərlə dağ keçidlərində, qayalıqlarda soyuqdan donan, şikəst olan insanların ağrı-acısı hər il ürəkləri sızladacaq...
Bəli, danılmaz gerçəklikdir ki, xalqımıza qarşı erməni düşmənçiliyi, onların məkirli iddiaları, sərsəm xülyaları şər, müsibət, bəla, faciələr daşıyıcısıdır; dərd-ələm, kədər- qəm, ağrı-acı qaynağıdır. Bu xislətlə yaşayanlara ədalət, mərhəmət, rəhm hisləri yaddır. Onlar bu ali məramdan, insani duyğulardan məhrum olan vəhşi varlıqlardır. Bunu erməni yazarları Xocalıdan bəhs edən kitablarında göstərir, əməllərindən xəcalət çəkmədən, bəşər qınağından çəkinmədən, utanmadan, vican ağrısı hiss etmədən, bir az da qürurla, fəxarətlə etiraf edirlər.
Xocalı qətliamına şahidlik edən erməni yazar David Xeyreyan öz kitabında fevralın 26-sında qətlə yetirilən Xocalı sakinlərinin meyitlərinin Daşbulaq yaxınlığındakı bataqlığa daşınaraq keçid körpü salındığını yazır. Və onun özünün uşaqların, qadınların cəsədlərini tapdayaraq bataqlığı necə keçməsindən, ayaqlarının, əynindəki paltarlarının, hətta fotokamerasının qana bulaşdığından bəhs edir. Başqa bir məşhur yazar, qiyamətə qalmayan qisasımıza, zəfərimizə dözməyib bağrı çatlayan, əməllərinə görə indi cəhənnəm çöllərində od-alovda qovrulan Zori Balayanın da öz kitabında fəxrlə etiraf etdikləri - onun 13 yaşlı uşağın naləsinə məhəl qoymadan pəncərəyə mismarladaraq dərisini soyması, gənc qadının döşünü kəsdirərək körpəsinin ağzına tıxayaraq öldürməsi, daha 3 uşağı qəddarlıqla parçaladıb tikələrini itlərə yedirtməsi də bu qətliamın ürəklər parçalayan faktlarındandır.
Xocalı faciəsini törədən ermənilərin öz etiraflarından yalnız iki faktı yada saldım. Damarlarda qan donduran, can sızladan belə vəhşilik faktları saymaqla, sadalamaqla bitəsi deyil. Bütün bunlar - insanlığa sığmayan, qəddarlıq, rəhmsizlik, vəhşıliklə səciyyələnən Xocalı faciəsini ulu öndər Heydər Əliyev soyqırım aktı, bəşəri cinayət olduğunu bildirib. Və onum təşəbbüsü ilə siyasi, hüquqi qiymət verilmiş 26 fevral Xocalı soyqırımı günü elan edilib. Artıq 30 ildir, qurbanlarının xatirəsini ehtiramla andığımız, hüznlə yad etdiyimiz bu qətliamın dünya miqyaşında bəşəri cinayət, soyqırımı aktı müstəvisində tanıdılması istiqamətində də mühüm işlər görülüb. Bu istiqamətdə ölkə başçımızın yürütdüyü məqsədyönlü siyasəti, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya Ədalət” kompaniyasının beynəlxalq miqyasda gördüyü işlər, sistemli, ardıcıl tədbirlər müstəsna əhəmiyyəti ilə təqdirə layiqdir. Bütün bunların nəticəsidir ki, beynəlxaq aləmdə də Xocalı soyqırımına siyasi, hüquqi, eləcə də mənəvi qiymət verilməsinə nail olunur. Hazırda dünyanın 20-ə yaxın ölkəsində parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında, həmçinin ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanlarında Xocalı soyqırımı rəsmən tanınıb.
Təbii ki, zamanla digər dövlətlər də haq-ədalət müstəvisində bu qətliamı soyqırım faktı kimi tanıyacaq, hüquqi, siyasi qiymətini verəcək, həmçinin, Xocalı faciəsinin təşkilatçıları, ona rəvac verənlər də layiqli cəzasını alacaqdır. Necə ki, yenilməz, mübariz sərkərdəmiz - Ali Baş Komandanımızın qətiyyətli şücaəti, ordumuzun mərd, cəsur igidləri sayəsində düşməndən öc alındı. Yurd, Vətən uğrunda canlarını fəda edən şəhidlərin, o cümlədən, Xocalı qurbanlarının qanı yerdə qalmadı, qisasları yetərincə alındı. Yad tapdağında olan torpaqlarımız azad edildi. Bu sırada Xocalı rayonununda 11 yaşayış məskəni öz azadlığına qovuşdu. Qarabağımız ədalət ab-havasına büründü. Sözsüz ki, bütöv Qarabağda olmaqla, Xocalımızda da üç rəngli bayrağımız dalğalanacaq. Böyük qayıdış bu qədim yurd yerimizdə də gerçəkləşəcək...
Bütün bunlara rəğmən Xocalı faciəşi heç vaxt unudulmayacaq, yaddan çıxmayacaq. İllər ötsə, qərinələr, əsrlər keçsə, nəsillər əvəzlənsə də, bəşər var olduqca bu qanlı soyqırım hadisəsi xatırlanacaq, yad ediləcək, günahsız qurbanlarının xatirəsi ehtiramla anılacaq, insanlıq adına ləkə olan cəlladlar nifrətlə, hiddətlə, qəzəblə lənətlənəcək. Çünki, unudulası dərd, zamanların məlhəm olacağı ağrı, sağaldacağı yara deyil Xocalı faciəsi.
Amansızlığı, vəhşılıy ilə tarixin qanlı səhifəsinə dönən Xocalı faciəsinin 30-cu ildönümündə oxucularla bölüşdüyüm bu düşüncələrimə bir şeir parçası ilə nöqtə qoyuram.
Fırlanan pərdi zaman,
Hələ qovur mərdi zaman.
Unutsa da dərdi zaman,
Unudulmaz dərddi bu dərd.
Allahverdi Aqil