Tramp Ərdoğanı ABŞ-yə səfərə dəvət edib

Ağ Ev rəhbəri Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı ABŞ-yə səfərə dəvət edib.
TNS xəbər verir ki, bu barədə Ərdoğan Trampla telefon danışığına dair özünün “X”dəki hesabında yazıb.
O, Trampla telefon danışığının çox səmərəli və səmimi keçdiyini bildirib: “Telefon danışığı zamanı Qəzzada getdikcə dərinləşən humanitar böhran başda olmaqla Suriya, Rusiya - Ukrayna müharibəsi, qlobal ticarət, İranla ABŞ arasında davam edən müzakirələr, bir çox digər qlobal və regional məsələlər barədə fikir mübadiləsi apardıq. Cənab Trampla başda müdafiə sənayesi və ticarət olmaqda Türkiyə - ABŞ münsibətlərini inkişaf etdirməklə bağlı iradəyə sahib olduğumuzu bildirdik.
Prezident Trampın dünyada davam edən toqquşma və müharibələri bitirmək istiqamətindəki səylərini təqdir etdiyimi, Türkiyənin bölgəmizdə sülh, sabitlik və əmin-amanlıq mühitinin yaradılması üçün lazımi dəstəyi verməyə hazır olduğunu vurğuladım. Dəyərli dostumu ən yaxın gələcəkdə Türkiyədə görməkdən məmnun olacağımı söylədim. O da bizi ABŞ-yə dəvət etdi”.
Türkiyə lideri həmkarı ilə yaxın gələcəkdə bir araya gələcəyinə ümid etdiyini bildirib: “Müzakirəmizin ölkələrimiz üçün xeyirli olmasını arzu edirəm”.
Qeyd edək ki, bu gün Türkiyə və ABŞ liderləri arasında telefon danışığı olub.