Polis bu bələdiyyədə əməliyyat keçirdi: 50-dən artıq saxlanılan var

İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) növbəti dəfə korrupsiyaya qarşı əməliyyat keçirilib.
TNS-in xəbərinə görə, bu barədə "TRT Haber" məlumat verib.
Bildirilib ki, əməliyyat zamanı aralarında yüksəkvəzifəli rəhbərlər də daxil olmaqla, ümumilikdə 47 şübhəli saxlanılıb.
Əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və genişləndirilmiş korrupsiya istintaqı çərçivəsində həyata keçirilib.
Ümumilikdə 53 nəfər barəsində saxlanılma qərarı verilib, İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin qrupları tərəfindən səhər saatlarında İstanbulun bir çox ünvanında eyni vaxtda reydlər keçirilib. 53 şübhəlidən 47-si saxlanılıb, digərlərinin tutulması əməliyyatı davam edir.
Saxlanılanlar arasında İBB baş katibinin müavini Arif Gürkan Alpay, İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) baş direktoru Şafak Başa, İSKİ-nin baş direktor müavini Begüm Çelikdelen, Ekrem İmamoğlunun şəxsi katibi Kadriye Kasapoğlu, Murat Ongunun həyat yoldaşı Gözdem Ongun, baş katibin polis məsələləri üzrə müavini Murat Yazıcıol və İBB Texnologiya Qrupunun prezidenti Erol Özgüner də var.
Xatırladaq ki, İBB-yə qarşı ilk əməliyyat martın 19-da keçirilib, 94 şübhəli saxlanılıb, onlardan 54-ü həbs edilib.
Bu gün saxlanılan 47 nəfər tibbi müayinədən sonra ifadələrinin alınması üçün İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinə aparılacaq.