Close

Bu hədiyyəni bütün analar bəyənəcək

Mayın ikinci bazar günü dünyanın bir çox ölkəsində, o cümlədən qardaş Türkiyədə Analar Günü kimi qeyd olunur.

TNS xatırladır ki, bu il Analar Günü mayın 11-ə təsadüf edəcək.

Bu gün övladları analarına müxtəlif hədiyyələr alır, ölən anaların məzarları ziyarət olunur.

Türkiyə analarına fərqli hədiyyə vermək istəyənlər üçün başqa fürsətlər tərdim edir.

Məsələn, klassik hədiyyələr əvəzinə, ana ilə övladlarının birlikdə unudulmaz səyahətə çıxması...

Bunun üçün ideal ünvan İzmirin sahilində yerləşən Urla qəsəbəsidir. Zeytun, meyvə bağları, üzüm sahələri ilə əhatələnmiş bu sakit məkan may ayında həm hava, həm də aura baxımından olduqca əlverişlidir.

Urla gözəlliyi və sakitliyi ilə seçilən, ilin dörd fəslində fərqli rənglərə bürünən bir bölgədir. Amma may ayında daş döşəməli küçələrində gəzmək, tarixi evlərin yanında dayanıb, Egey memarlığına tamaşa etmək, butik otellərdə qalmaq və yerli mətbəxin dadına baxmaq xüsusilə xoş olur. Burada doğmalarla birlikdə üzüm bağlarını gəzə, Urlaya xas olan mastik ənginarını dada və təbiətlə iç-içə keyfiyyətli vaxt keçirə bilərsiniz.

Urla İzmirin mərkəzindən cəmi bir saatlıq məsafədə yerləşən, yüksək həyat keyfiyyəti və rahat yaşayış tərzi ilə tanınan qəsəbədir. Zeytun ağaclarının ətirli havası, yerli insanların səmimi münasibəti, dənizə açılan mənzərələri ilə bura həm istirahət, həm də sakitlik axtaranlar üçün uyğundur.

Qəsəbədə yerləşən butik otellər qonaqlarına həm komfort, həm də yerli mühitə uyğun sadəlik təqdim edir.

Urla həm də sahil xətləri ilə diqqət çəkir. 40 kilometrlik sahil boyunca bir sıra çimərliklər mövcuddur. Səhər tezdən mavi bayraqlı çimərliklərdə gəzmək və gün doğumunu izləmək bu səfəri daha da yaddaqalan edəcək. Egey dənizinin ilıq iqlimi imkan verir ki, gündüz saatlarında dənizə girəsiniz və ya sadəcə sahildə istirahət edəsiniz.

İsti iqlimi və bərəkətli torpaqları ilə tanınan Urla eyni zamanda kulinariya baxımından da zəngin bölgədir. Egey mətbəxinin əsasını təşkil edən bu bölgə zeytun yağı, təzə tərəvəzlər, dəniz məhsulları və yerli şərablarla tanınır. Buradakı ləzzətlər və qastronomik təcrübələr Analar Gününü daha da özəl və yadda qalan edə bilər.

Urla minilliklərdir üzümçülük bölgəsi kimi tanınır. Qəsəbənin mikroiqlimi burada üzüm yetişdirilməsi üçün əlverişlidir. Bu da bölgəni qədim dövrlərdən bu yana bir şərab mərkəzinə çevirib. Urla Üzüm Bağları Marşrutu boyunca səyahət edərək, müxtəlif üzüm bağlarını gəzə, butik şərab zavodlarını ziyarət edə və yerli üzümlərdən hazırlanan müxtəlif şərabları dada bilərsiniz.

Üzüm bağları marşrutu boyunca təkcə şərab zavodlarına deyil, həm də bölgənin məhsullarından istifadə edən yüksək səviyyəli restoranlara da rast gələcəksiniz. Bu restoranlarda fəaliyyət göstərən gənc aşpazlar Urlanın ənənəvi ləzzətlərinə müasir yanaşma gətirərək, yerli məhsulları dadlı və fərqli yeməklərə çevirirlər.

Bu kulinariya bacarığı nəticəsində bəzi restoranlar layiqli şəkildə Michelin ulduzlarına layiq görülüb.

u1 u3