CHP-nin növbədənkənar qurultayı keçirildi, yeni sədr seçildi- YENİLƏNİB

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl 1 171 səslə yenidən partiyanın rəhbəri seçilib.
TNS xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb.
“CHP-nin təşkil etdiyi 21-ci fövqəladə qurultayında nümayəndələrin səsvermə prosesi başa çatıb. Qurultayda 1 171 nümayəndə səs verib. CHP sədrliyi üçün yeganə namizəd olan Özgür Özəl rəsmi olmayan nəticələrə görə, səslərin hamısını alaraq rekord səslə yenidən CHP-nin sədri seçilib”, – məlumatda bildirilib.
14:10
Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayında sədr postuna yeganə namizəd olacaq.
TNS APA-ya istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna namizəd olacağını açıqlayan sabiq millət vəkili Berhan Şimşek qurultay nümayəndələrindən yetərli imza toplaya bilmədiyi üçün namizəd olmayıb.
Bundan əvvəl Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal namizədliyini geri götürüb.
Beləliklə, bu posta yeganə namizəd partiyanın hazırkı sədri Özgür Özəl olacaq.
13:40
Bu gün Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayı keçirilir.
TNS APA-ya istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) 21-ci növbədənkənar qurultayı Ankarada Nazım Hikmet Mədəniyyət Mərkəzində baş tutur.
Qurultayda partiyanın prezidentliyə namizədi, hazırda həbsdə olan Əkrəm İmamoğlu üçün təmsili stul ayrılıb.
Hazırkı sədr Özgür Özəl yenidən bu posta namizəd olacağını açıqlayıb. CHP sədrliyinə Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal və sabiq millət vəkili Berhan Şimşek də namizəd olacaqlarını açıqlasalar da, Ümit Uysal namizədliyini geri götürüb.
Qurultayda partiyanın rəhbər strukturlarına da seçkilər olacaq.