Türkiyədə icazəsiz aksiyalar zamanı 123 polis yaralanıb

Türkiyədə keçirilən icazəsiz nümayişlər zamanı 123 polis yaralanıb.
TNS TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bildirib.
Nazirin sözlərinə görə, qanunsuz aksiyalar zamanı 1133 şübhəli saxlanılıb. Onların arasında 12 müxtəlif terror təşkilatı ilə əlaqəli olan şəxslər müəyyən edilib.
“Bu aksiyalarda turşu, daş, çubuq, atəşfəşanlıq, molotof kokteyli, balta və bıçaq götürülüb. Polisimizə hücum edən, ictimai əmlaka zərər vuran və xalqımızın təhlükəsizliyini təhdid edən şəxslərə qarşı məhkəmə prosesi davam edir”,- Yerlikaya qeyd edib.
Nazir vətəndaşları təxribatlara qarşı diqqətli və həssas olmağa çağırıb.