Close

I Dünya müharibəsində əsir düşən əsgərin məktubu 107 ildən sonra nəvələrinə çatdırıldı

Türkiyənin Samsun vilayətinin Kavak rayonunda Birinci Dünya Müharibəsində əsir düşən əsgərlərin məktubları Qızıl Aypara tərəfindən sərgilənib.

TNS xəbər verir ki, savaş zamanı ünvanlarına çatdırılması mümkün olmayan, bir əsr oxunmağı gözləyən hərbi əsirlərin məktublarından biri araşdırmalar nəticəsində tapılaraq, 107 il sonra Kavak rayonunda yaşayan nəvə-nəticələrinə verilib.

Osmanlı türkcəsində yazılan məktubun mətni belədir: “Möhtərəm Qızıl Aypara Cəmiyyətinə. Millət və Vətən yolunda hər iki ayağımı itirdiyim, üç il Rusiyada əsir həyatı yaşadığım üçün məyus deyiləm. Dörd ildir, ailəmdən xəbər almadığım üçün kədərlənirəm. Cəmiyyətdən ailəmlə bağlı mənə xəbər çatdırılmasını gözləyirəm.

Trabzon vilayətinin Samsun Sancağının Kavak mahalının Göçebe kəndindən Çakır Əhmədin oğullarından Şərif Çavuşa...”

Məktubun təqdim edildiyi ailə çox şad olduqlarını açıqlayıb: “Tarixi bir an yaşayırıq. Uzun illərdən sonra bu sürpriz bizi çox təəccübləndirdi və duyğulandırdı. Biz Şakir babamızın əsir düşdüyünü bilirdik, lakin onun taleyi ilə bağlı heç bir məlumatımız yox idi".