Təpələr birləşdi, kəndlər ikiyə bölündü - 105 saniyənin gətirdiyi fəlakət... - VİDEO
Türkiyədə baş verən 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 2 il ötür.
TNS Türkiyə mətbuatına istinadla faciə barədə geniş məlumatı təqdim edir:
2023-cü il fevralın 5-dən 6-na keçən gecə Türkiyənin Kahramanmaraş, Adıyaman, Hatay, Malatya, Gaziantep, Adana, Kilis, Osmaniye, Diyarbakır, Şanlıurfa, Elazığ vilayətlərini əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr yer üzündən silindi, hadisə 11 əyalətə və 14 milyon çox əhaliyə təsir etdi.
"Əsrin fəlakəti" adlandırılan və 105 saniyə davam edən zəlzələdə 53 min 537 nəfər həlak oldu, 107 min nəfər isə yaralandı. Təxminən 40 min bina dağıldı, 200 mindən çox binaya ciddi ziyan dəydi.
4-cü səviyyəli xəbərdarlıqdan sonra 90 ölkədən axtarış-xilasetmə qrupları - 200 mindən çox personal zəlzələ bölgəsinə yollandı. Axtarış-xilasetmə qrupları - AFAD, UMKE, əsgərlər, jandarma, polis, mədənçilər, səhiyyə işçiləri və minlərlə könüllü bölgəyə səfərbər oldu.
Yeraltı təkanlar o qədər güclü oldu ki, evlər, obyektlər, yollar, kəndlər dağıldı, daha əvvəl heç vaxt görünməyən mənzərələr ortaya çıxdı. Belə ki, Hatayda 400 metr uzunluğunda nəhəng çat yarandı. Qaziantepdə iki təpə birləşdi, Nurdağı Gökçedere kəndi isə ikiyə bölündü. Kahramanmaraşın Çiğli kəndi 6 metr yarım, Değirmenkaya kəndi isə 6 metr sürüşərək yerini dəyişdi.