İmamoğlu qalmaqalı: saxlanılan jurnalistlər azad edildi
İstanbul Prokurorluğu məhkəmə tərəfindən təyin edilən ekspertlə telefon danışığının icazəsiz lentə alaraq Xalq TV-də yayımlanması və həmin ekspertin adının açıqlanması iddiası ilə jurnalist Barış Pəhləvanla bağlı araşdırmalara başlayıb.
TNS Türkiyə mediasına istinadən xəbər verir ki, istintaqın başlanmasından sonra jurnalist B.Pəhləvan, Xalq TV-nin məsul meneceri Sərxan Əsgər və proqram aparıcısı Seda Selek “şəxslər arasında danışıqları dinləmək və lentə almaq” və “ekspertə təsir etməyə cəhd” ittihamları ilə saxlanılıb.
Polis şöbəsində işlər tamamlandıqdan sonra B.Pəhləvan və S.Selek İstanbul Ədliyyəsinə aparılıb. Məhkəmə “şübhəlilərin xaricə getmə” qadağasını qəbul edərək, onların azadlığa polis nəzarətində buraxılmasına qərar verib.
Bundan başqa, sözügedən ittihamlarla Xalq TV-nin baş redaktoru Suat Toktaş və proqram koordinatoru Kürşad Oğuz həbs tələbi ilə məhkəməyə sövq edilib.
Barış Pəhləvana qarşı ittiham nədir?
İstanbul Prokurorluğunun açıqlamasını təqdim edirik:
“Baş Prokurorluq tərəfindən aparılan bəzi araşdırmalarda və məhkəmələrdə gedən açıq işlərdə ekspert qismində təyin olunmuş şəxslərdən birinin 27.01.2025-ci il tarixdə Xalq TV-də yayımlanan verilişdə onunla aparılan telefon danışığını icazəsiz lentə alaraq kimliyini ortaya çıxaran, bundan başqa, həmin ekspertin adını məqsədyönlü şəkildə açıqlayıb və məhkəmənin gedişinə təsir edəcək sözlər səsləndirilməsi prosesində iştirak edən jurnalist Barış Pəhləvan, proqram aparıcısı Seda Selek, Xalq TV-nin məsul meneceri Sərxan Əsgər “Şəxslər arasında danışıqların dinlənməsi və yazılması” (TCK Maddə 133/3) və “Bir şəxsə təsir etmə” (TCK md.277) ittihamları ilə saxlanılıb.
Əkrəm İmamoğlu bu ekspert haqqında nə demişdi?
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu keçirdiyi mətbuat konfransında ad çəkərək eksperti qərəzli hesabat hazırlamaqda ittiham edib.
İclasın adını Prezident Rəcəb Tayyib Ərdoğanın "böyük turp torbadadır" sözünə əsaslanaraq seçdiyini ifadə edən İmamoğlu ədliyyə nazirinə müraciət edib:
“Biz də mətbuat konfransımıza bu adı verdik – “Böyük turp”. İttiham aktına mövcud olmayan hesabatların necə daxil edildiyi, insanların imzasız hesabatlarla necə ittiham olunduğunu sizinlə paylaşacağam”.
Ə.İmamoğlu ona qarşı mövcud olmayan xəbərlərə əsaslanaraq ittihamlar irəli sürüldüyünü və ona qarşı açılan hər iş üzrə müəyyən ekspertlərin təyin edildiyini və açıq-aşkar gizli niyyətin olduğunu iddia edib:
“İstanbul Böyükşəhər Bələdiyyəsinə və Əkrəm İmamoğluya aid bir məsələ varsa, prokurorlar məsələni bizimlə əlaqələndirmək istəyirlərsə, bilin ki, ixtisaslı ekspertlər dərhal o dosyeyə əlavə olunur".
Bu açıqlamadan sonra prokurorluq hərəkətə keçərək araşdırmalara başlayıb.
Həmin ekspertin açıqlaması
Xalq TV-nin sualını cavablandıran İmamoğlunun ittiham etdiyi ekspert iddiaların həqiqəti əks etdirmədiyini deyib.
Ekspert təkcə CHP-nin deyil, digər partiyaların işlərinə də baxdığını bildirib:
“Mən kimisə ittiham etmək üçün iş görmürəm. Mən seçilmiş adam deyiləm”.
Dosyeləri qəbul edərkən prokurorlarla məsləhətləşmədiyini bildirən ekspert 1970-ci ildən bu işlə məşğul olduğunu deyib.