Ərdoğan yanğın faciəsi yaşanan Boluya səfər etdi - VİDEO-FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Bolu vilayətində "Kartalkaya" xizək mərkəzində yerləşən "Grand Kartal" hotelində baş verən yanğın zamanı həyatını itirənlərin dəfn mərasimlərində iştirak etmək və yoxlamalar aparmaq üçün Boluya səfər ediblər.
Bu barədə TNS "TRT Haber"ə istinadən xəbər verir.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Boluda ilk olaraq yanğında həyatını itirən həkim Enes Gültekinin ailəsini ziyarət ediblər.
Ərdoğan vəkil Yüksel Gültekin, qayınatası, Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bolu üzrə keçmiş deputatı Mehmet Güner, partiyanın Qurucu İdarə Heyətinin üzvü Habibe Güner və ailənin digər üzvlərinə başsağlığı verib.
Prezident Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, daxili işlər naziri Ali Yerlikaya, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, əmək və sosial müdafiə naziri Vedat Işıkhan, Ədalət və İnkişaf Partiyasının Qadın Qollarının sədri Ayşe Keşir müşayiət ediblər.
R.T.Ərdoğan səfərindən sonra Gültekinlər ailəsi üçün Bolu Kalıcı Konutlar Mərkəzi məscidində təşkil edilən dəfn mərasiminə qatılıb.
"Hazırda əbədiyyətə yola saldığımız 8 qardaşımıza Allahdan rəhmət diləyirik. Mehmet bəy mənim deputat yoldaşım olaraq parlamentdə fəaliyyət göstərib. Ailəliklə uzun illər dostluğumuz olub. İndi qonşuluq haqqını yerinə yetirmək üçün buradayıq. Allah-taala, inşallah, bizi cənnətində bir araya gətirsin. Canımız yandı, qəlbimiz ağrıdı. Bütün ailəsinə, millətimizə səbir diləyirəm", - deyə dəfn mərasimində çıxış edən prezident bildirib.