Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir
İstanbul Prokurorluğu (Türkiyə) Rusiyada "Crocus City Hall" konsert zalında terror aktında əli olan beş əcnəbi vətəndaş üçün 7.5-15 il həbs cəzası tələb edir.
TNS-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Bildirilir ki, Türkiyədə saxlanılan əcnəbilər "Crocus"dakı terror aktını həyata keçirənlərə göstərişlər verib, onlara 800 min rubl (11.9 min manat) və yeni pasportlar vəd ediblər. Söhbət Hofizcon Usmanov, Muteullo Usoyev, Raxmatullo Salikov, Muhammadrahim Fayzov və Xamza Muhammaddan gedir.
"İttihamnaməyə əsasən, Usmanov ilə Faridun (Faridun Şəmsəddin - red.) İstanbulun Avcılar rayonundakı mənzildə yaşayıb və bu mənzil İŞİD-in "təhlükəsiz" mənzili hesab edilib", - deyə məlumatda qeyd olunur.
Agentlik təqsirləndirilən Asoyevin terror aktını həyata keçirənlərdən biri ilə yazışmasını təqdim edib. Məsələn, Asoyev tapşırığı yerinə yetirməyi - "Vegas" ticarət mərkəzinə bomba qoymağı təklif edib. Terror aktının həyata keçirilməsi üçün 100 min rubl (1.5 min manat) avans, "tapşırığın" yerinə yetirilməsindən sonra isə qalan 700 min rublu (10.4 min manat) ödəməyi vəd edib.
Xatırladaq ki, 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətindəki Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib - "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Hücum nəticəsində 145 nəfər həlak olub, 550 nəfər yaralanıb. Hücumdan qısa müddət sonra "Telegram" kanalı vasitəsilə yayılan bəyanatda İslam Dövlətinin Cənubi-Mərkəzi Asiyada yerləşən regional qolu olan "İslam Dövləti - Xorasan Vilayəti" məsuliyyəti öz üzərinə götürüb. Rusiya İstintaq Komitəsi "terror aktı" (Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi) ilə bağlı cinayət işi açıb. Terror aktı ilə bağlı 18 nəfər həbs edilib.