Azərbaycan qəzanın səbəblərinin ortaya çıxarılması istiqamətində şərtlərini açıq-aydın söyləyir - VİDEO
Azərbaycan təyyarə qəzasının səbəblərinin ortaya çıxarılması istiqamətində şərtlərini açıq-aydın söyləyir.
TNS xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri Aygün Attar “Haber Global”ın efirində deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti və xalqı qəzanın nəticələrini gözləyir.
Sədr əlavə edib ki, Azərbaycan və Qazaxıstan arasındakı yüksək diplomatik münasibətlər bu qəza prosesində özünü göstərib.
A.Attar deyib ki, Rusiya təyyarənin öz hava məkanında vurulması etirafından əlavə, Azərbaycanın digər şərtlərini yerinə yetirməsə, Azərbaycan tərəfi müvafiq addımlar ata bilər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.
İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Daha ətraflı videoda: