Türkiyə memarlığının şah əsərləri
Türkiyədə məscidlər sadəcə bir ibadət yeri deyil, həm də dünya tarixi üçün bir irsdir.
Bu məscidlər zəngin mədəniyyətin imzası və burada hakim olan böyük imperiyaların qalığıdır. Türkiyə mədəniyyətinin, tarixinin zənginliyini məscidləri ziyarət etməklə görmək mümükündür. Məhz bu səbəbdəndir ki, Türkiyəyə səfər edən turistlərin böyük hissəsi tarixi və mədəni irsin qorunmasının özündə əks etdirən bu məscidləri ziyarət edirlər.
Türkiyə sözsüz dünya tarixi, mədəniyyəti və irsi baxımından son dərəcə zəngin bir diyardır. Bu ölkənin hər küçəsi, hər qəsəbəsi minillik tarixi hadisələrə, heyranedici hekayələrə və Türkiyəni idarə edən bir çox imperiya və sülalələrin onurğa sütunu olan canlı mədəniyyətlə doludur. Müasir şəhər həyatının təlaşında belə, siz minlərlə il boyu uca durmaqdan qazandığı saysız-hesabsız dərin mədəniyyət və müdriklik təbəqələrini tapa bilərsiniz.
Dünya memarlıq tarixində Türk dünyasını təmsil edən bir mötəbər isim var: memar Sinan.
Təqribi olaraq 1490-cı ildə doğulub, 1588-ci ildə vəfat edib. Onun əsərləri memarlıq-incəsənət sahəsinə əbədi damğasını vuran nümunələr hesab olunur. Xüsusilə, Osmanlı memarlıq sənətinin möhtəşəm yüzilliyini təmsil edən memar Sinan yarım əsr ərzində məscid, bazar, körpü, karvansara kimi bir çox abidələr yaradıb.
Türk mütəxəssislər qeyd edirlər ki, memar Sinan zəlzələlərin nəticələrini bildiyi üçün tikililərdə bunu mütləq nəzərə alırmış.
O, tikintidə buna uyğun materiallar seçər və öz müstəsna bilikləri üzərində inşaat işləri apararmış. Mütəxəssislər onun inşa etdiyi bütün binaları homogen materiallardan tikdiyini qeyd edir.
Estetik zövqlülük, bənzərsiz üsullar və möhkəm təməllər və inşaat planı ilə ərsəyə gələn çoxsaylı memarlıq nümunələri arasında Süleymaniyyə camisi, Şahzadə məscidi, Səlimiyyə məscidi, Drina körpüsü, Mostar körpüsü xüsusilə sevilir və seçilir.
Memar Sinan Osmanlı ordularının Avropa ölkələrinə səfərləri zamanı keçilməyən çaylar üzərində saldığı möhkəm körpülərlə Sultan Süleymanın diqqətini cəlb edib, ömrünün axırına qədər dövlətin baş memarı olub.
Bu yazımızda Türkiyənin yüz illər əvvəl tikilmiş, indiyədək fəaliyyət göstərən bəzi məscidləri haqqında məlumat verəcəyik.
Ulu məscid
1396-1399-cu illər arasında Osmanlı İmperatorluğu dövründə tikilmiş Bursa Ulu məscidi Səlcuqlu memarlığından qaynaqlanan əsl Osmanlı memarlıq üslubunun ecazkar əsəridir. 5000 m2 geniş əraziyə uzanan məscid 20 günbəz və 2 minarəsi olan unikal düzbucaqlı quruluşa malikdir.
Rüstəm Paşa məscidi
İstanbuldakı Rüstəm Paşa məscidi qədimliyinə görə möhtəşəm memarlıq əsəri olmaya bilər, lakin bu məscidin möhtəşəm İznik çini dizaynları daha böyük layihələrdən üstündür. Osmanlı dövründə memar Sinan tərəfindən tikilən məscid Sultan I Süleymanın baş vəziri Rüstəm Paşa tərəfindən maliyyələşdirilib.
Mürəkkəb nəbati və həndəsi naxışlarla gözəl İznik kaşıları divarın həm daxili, həm də xarici hissələrini bəzəyir. Məscidin nisbətən kiçik olması səbəbindən incə sənət əsərlərinin gözəlliyini araşdırmaq və qiymətləndirmək daha asandır.
Səlimiyə məscidi
Türkiyə memarlıq sənətinin şah əsərlərindən biri sözsüz ki, Səlimiyə məscididir. Türkiyənin ən böyük məscidlərindən biri olan Səlimiyə möhtəşəm quruluşu təxminən 28,500 m² geniş ərazidə təpənin üstündədir. Ədirnənin ən hündür nöqtələrindən birində inşa edilən məscid Ədirnə Sultanı II Səlimin dövründə Memar Sinan tərəfindən tikilib, məscidin nəhəng ibadət salonunda 6,000 nəfər namaz qıla bilər. Osmanlı İmperatorluğunun ən məşhur memarı Memar Sinan Səlimiyə məscidini onun şah əsəri hesab edirdi. Səlimiyə məscidi 2011-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Muradiye məscidi
Manisada olan Muradiye Məscidi də öz gözəlliyi ilə turistləri heyran qoyur. Sultan III Mehmed 1595-ci ildə Manisa şəhərində Muradiyə məscidinin inşasını tapşırır.
Yeni məscid
İstanbulda çox məscid var. Maraqlıdır ki, bütün məscidlər öz tarixi və unikallığı ilə dünya mədəniyyət tarixinə gözəllik bəxş edir. Yeni məscid də Osmanlı dövründə inşa edilən bir sənət əsəridir. Məscidin tikintisi 1587-ci ildə başlanır və 1665-ci ilə qədər davam edir.
Divriği Ulu məscidi və Darüşşifası
Bir təpədə kiçik bir kəndin üstündə oturan Divriği Ulu məscidi Türkiyənin ən gözəl məscid komplekslərindən biridir. UNESCO-nun Ümumdünya İrs Saytı statusunu gözəl sənətkarlığı sayəsində qazanıb . Bu tarixi, dini abidənin tikilişi çox qədimə gedib çıxır. Tarixi faktlara görə Ulu cami (böyük məscid) və darüşşifası (xəstəxana) Səlcuqlu-Türk bəylikləri tərəfindən inşa edilib.
Süleymaniyyə məscidi
Memar Sinanın daha bir möcüzəsi olan Süleymaniyyə məscidi Türkiyənin ən böyük məscidlərindən biridir. Təxminən 1550-1558-ci illərdə Sultan Süleymanın əmri ilə tikilmiş məscid böyük əraziyə malikdir. İbadət zalının qübbəli geniş daxili məkanı var. Hər gün bu məscidi minlərlə turist ziyarət edir.
Sultanahmet məscidi
Mehmet Ağanın göstərişi ilə inşa edilən Sultanahmet Məscidi şübhəsiz ki, Türkiyənin ən məşhur məscidlərindən biridir. Mürəkkəb memarlığın əsl möcüzəsi olan məscid 1609-1616-cı illər arasında tikilib. Altı minarəsi olan bu məscid də turistlərin ən sevimli yerlərindən biridir.
Mahmud bəy məscidi
Təxminən 1366-cı ildə tikilmiş bu nəfis məscid Kastamonu şəhərindən təxminən 17 km aralıda Kasabanın kiçik obasında yerləşir və bu məscid tarixi görünüşünə və dizaynına görə olduqca möhtəşəmdir. Çünki bu məscid ağac boyalı və oyma ilə şəkilləndirilmiş bir sənət əsəridir.
Kocatepe məscidi
Türkiyənin ən gözəl məscidlərindən biri Ankarada yerləşən Kocatəpə məscididir. Məscid 1967-1987-ci illər arasında tikilib. Bu nəhəng məscidi şəhərin istənilən yerindən görmək mümkündür. Daha bir maraqlı məqam isə məscidi inşa edən memarların Memar Sinanın sənət əsərlərindən ilham almasıdır.