Yaşar Gülər: "Terrorçulara qarşı əməliyyatlar artan templə davam edəcək"
Türkiyə beynəlxalq aktorları Suriyadakı yeni hakimiyyəti dəstəkləməyə çağırıb.
TNS xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər videokonfrans zamanı çıxışında deyib.
O, bildirib ki, Suriyada əliqanlı rejim süquta uğrayıb və artıq yeni mərhələ başlayıb: “Suriyada söz sahibi artıq xalqdır. Bu günə qədər olduğu kimi, bundan sonra da Suriya xalqının yanında olmağa davam edəcəyik. Suriyanın ərazi bütövlüyü, siyasi birliyi, təhlükəsizlik və sabitliyinin təmin olunması üçün yeni hakimiyyətlə koordinasiyalı şəkildə işləyəcəyik”.
Nazirin sözlərinə görə, Türkiyə Suriyada sabitliyin bərpası və qaçqınların ölkələrinə qayıdışı üçün öhdəsinə düşəni edəcək: “Bölgədə təsirə malik aktorlar da artıq Türkiyənin proseslərdəki açar rolunu qəbul edirlər”.
Y.Gülər bildirib ki, Suriyada PKK, YPG, İŞİD kimi terror təşkilatlarının yeri yoxdur:
“Ölkəmizin və Suriyanın təhlükəsizliyini təhdid edən bu təşkilatların addımları diqqətlə izlənilir, onlara qarşı qabaqlayıcı tədbirlər görülür. Terror təşkilatlarının ərazidəki sabitsizlikdən sui-istifadə etməsinə icazə verilməyəcək. Əməliyyatlarımız planladığımız kimi və artan templə davam edəcək. Terrorçuların olduğu hər yer Türkiyə Silahlı Qüvvələrinin qanuni hədəfidir”.