Bakıda 60 növ türk paxlavası nümayiş olunacaq
Türkiyədə hər il keçirilən Paxlava Festivalı bu il Azərbaycanda təşkil olunacaq.
TNS xəbər verir ki, bu barədə Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Assosiasiyası (BAKTAD) məlumat yayıb.
Qeyd olunub ki, indiyədək bu tədbir Türkiyənin müxtəlif şəhərlərində 12 dəfə keçirilib.
Dekabrın 15-də Bakıda keçiriləcək festivalda Türkiyəyə məxsus 60, Azərbaycana məxsus 10 paxlava növü təqdim olunacaq. Festivalda Türkiyədə fəaliyyət göstərən sektorun aparıcı brendlərinin nümayəndələrinin də olduğu 100 nəfərlik nümayəndə heyəti iştirak edəcək.
Türkiyə ilə Azərbaycan qardaşlığını bütün dünyaya göstərmək və Azərbaycandan türk paxlavasını bir daha dünyaya tanıtmaq məqsədi daşıyan festivalda ziyarətçilərə 20 min dilim paxlava paylanacaq.
Son iki festivalın çempion ustalarının da iştirak edəcəyi festivalda iştirakçı ustalar öz bacarıqlarını nümayiş etdirəcəklər.