Saxta spirtdən ölüm halları kəskin artıb
Türkiyədə saxta spirtdən zəhərlənmələr noyabr və dekabr aylarında daha da artıb.
TNS-in xəbərinə görə, ölkənin Təcili Tibbi Yardım Mütəxəssisləri Assosiasiyasının (ATUDER) prezidenti Başar Cander metil spirti ilə hazırlanan spirtin ən aşağı dozasının belə ölümə və ya ömürlük sağlamlıq problemlərinə səbəb olduğunu bildirib: “Təəssüf ki, bir çox vətəndaşımızı dəm qazı və metil spirti zəhərlənmələrindən itiririk. Son günlərdə xəstəxanalarımıza müraciətlər artır. Metil spirtindən zəhərlənmə halları bu il də pik həddə çatıb. Saxta spirt xüsusilə, metil spirtindən hazırlanırsa daha çox zəhərli maddəyə çevrilir. Metil spirti içildikdən 1 saat sonra qana qarışır, bədənda dövran edir. Bunu ilk mərhələdə fərq etmək çox çətindir. “Səssiz dövr” ən əhəmiyyətli dövrdür. Bu 30 saata qədər çəkə bilər.
Ürəkbulanma, qusma, başgicəllənmə və baş ağrısı kimi simptomlarla yanaşı, göz simptomları da var. Bu, işıq qorxusu, bulanıq görmə və korluğa səbəb olan bir prosesdir. Metil spirti bədəndə turşuya çevrildiyi üçün bu turşu görmə sinirlərinə təsir edir.
Gözdən sonra ən çox təsiri beynə olur. Depressiv xəstəliklərlə yanaşı, parkinson xəstəliyinə də səbəb ola bilər. "Çox öldürücü" adı verdiyimiz gecikmə zamanı xəstələrin birbaşa dializə ehtiyacı yaranır. Bəlli bir mərhələdən sonra bütün həkimlər toplansa belə, bu vəziyyəti geri qaytarmaq mümkün deyil”.
O qeyd edib ki, araq istehsalında fermentasiya müddəti gözlənilməzsə, etil spirti müəyyən müddətdən sonra metil spirtinə çevrilir: “Hətta kiloqram başına 0,1 millilitr ölümcül ola bilər. 1 mililitr və ya ondan on dəfə çox olan miqdar isə çox təhlükəlidir”.
Qeyd edək ki, ölkəmizdə də saxta içkidən zəhərlənmə halları kifayət qədər çox olur. Ötən ay Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə bu zəhərlənmə ilə olan bir müraciət ölümlə nəticələnib.