Close

23:56
04 Dekabr 2024
22:42
04 Dekabr 2024
22:20
04 Dekabr 2024
21:40
04 Dekabr 2024

Santa Klaus Antalyada doğulub?

Antalyanın Türkiyənin turizm paytaxtı, yay tətili üçün turistlərin vaz keçilməz məkanı olması məlumdur.

Amma Antalya qış mövsümündə də turistlərin sevimli istirahət yeridir. Rəvayətə görə, Antalya Santa Klausun doğulduğu, böyüdüyü və əfsanəyə çevrildiyi ərazidir. Santa Klausun doğulduğu iddia edilən yer isə Antalyanın Demre bölgəsidir.

Deyilənə görə, IV əsrdə doğulan Müqəddəs Nikola (Santa Klaus) Patara adlı məşhur Likya şəhərində zəngin bir tacirinin oğlu olub. Nikolaos kimi tanınan bu şəxs illər boyu Likya dövlətinin paytaxtı Myranın yepiskopu kimi xidmət göstərib və həyatını xeyirxah işlərə, yoxsullarla hər şeyini bölüşməyə həsr edib. O, bir çox insana kömək edib, pəncərələrə və bacalara hədiyyələr buraxaraq, uşaqların, tacirlərin və dənizçilərin himayəçisi kimi tanınıb.

Müasir Antalya sərhədlərində yerləşən Demre bölgəsindəki Myra Antik Şəhəri o dövrdə Anadolunun ən böyük ikinci yepiskop mərkəzi sayılırdı. "Möcüzələr müqəddəsi" olaraq tanınan Müqəddəs Nikola xeyirxah əməlləri ilə Myra xalqının sevgisini qazanıb. O, 6 dekabr 365-ci ildə xidmət etdiyi kilsədə dünyasını dəyişəndə bütün bölgə dərin kədərə qərq olub.

Bu dəyərli insanın xatirəsinə antik şəhərdə məqbərə və bazilika tikilib. Müqəddəs Nikola ilə əlaqəli möcüzələrin təsvir edildiyi bu bazilika zəlzələlər və hücumlar nəticəsində ciddi zərər görüb, IX əsrdə isə günbəzli kilsə kimi yenidən inşa edilib.

Arxitektura üslubu və dizaynına görə Orta Şərq Roma dövrü abidələrinin ən görkəmli nümunələrindən biri sayılan bu kilsə orta əsrlərdə Aralıq dənizi marşrutu ilə Yerusəlimə səfər edən xristianlar üçün mühüm ziyarətgaha çevrilib.

2000-ci ildən etibarən UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilən Müqəddəs Nikola kilsəsi keçən il Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan bərpa və abadlıq işləri sayəsində artıq ziyarətçilərini yenilənmiş görkəmdə qarşılayır.

ant2

Kilsədə balıq pulcuqları və akantus yarpaqları ilə bəzədilmiş Roma dövrünə aid sarkofaq yerləşir. Bu sarkofaqın Müqəddəs Nikola ilə bağlı olduğu düşünülür. Nikolaya aid bəzi sümüklər isə Antalya Muzeyində nümayiş olunur.

Demre səfəri zamanı Aralıq dənizinin mülayim və günəşli qış havasından zövq alaraq Myra Antik Şəhərinin bir çox xəzinələrini də ziyarət edə bilərsiniz. Antik şəhərə çatanda qayalarda oyulmuş məzarları və qədim Roma teatrını görərək şəhərin tarixi zənginliyini hiss edəcəksiniz.

Myra Antik Şəhərindən Andriake adlı qədim limana doğru gedə bilərsiniz. Andriake hər küncündə sarkofaqlar, məzarlar və şəhər divarı qalıqları ilə özünəməxsus bir məkan olaraq tanınır. Andriake artefaktlarının çoxu Likya Sivilizasiyaları Muzeyində nümayiş etdirilir.

ant3