Türkiyə turizminin inciləri
Türkiyə turizm sahəsində dünyada lider ölkələrdən biridir. Bu ölkəyə dünyanın hər yerindən insanlar gəzməyə, dincəlməyə gəlir.
Türkiyə turistlər üçün bir çox səbəbdən cəlbedicidir. İlin təxminən 8 ayında dəniz və günəş sevənlər qardaş ölkəyə səfər edə bilərlər. Mətbəxindən təbiətinə, tarixi yerlərdən lüks istirahət mərkəzlərinə qədər Türkiyə tuistlərin sevimli məkanıdır.
Əgər tarixlə təbiətin vəhdətini təşkil edən yerləri görmək istəyirsinizsə, aşağıda sadaladığımız məkanlara mütləq baş çəkməlisiniz.
Kapadokya – Nevşehir
Kırşehir, Niğde, Aksaray və Kayseri şəhərlərini də əhatə edən Kapadokya bölgəsi ilk olaraq Nevşehirə bağlı olsa da, 60 milyon il əvvəl Erciyes dağı, Həsən dağı və Güllü dağından püskürən kül və lavanın əmələ gətirdiyi yumşaq torpaq təbəqəsidir.
Bura yağışların təbii aşınması nəticəsində əmələ gələn unikal gözəlliyə malik bölgədir. Qədim dövrlərdə insan əli ilə oyulmuş nağıl bacalarında yaşanan həyatlar Kapadokyanı nağıl diyarlarından fərqləndirən bir xüsusiyyətdir desək yanılmarıq.
Kapadokya bölgəsi təbii gözəllikləri ilə yanaşı, Türkiyənin ən əhəmiyyətli turizm bölgələrindən biri hesab olunur. Burada şar turlarına qoşula və günəş çıxanda Kapadokiyanın bənzərsiz mənzərəsindən həzz ala bilərsiniz. Bəli, düz eşitdiniz, tura günəş çıxanda qoşulmaq tövsiyə olunur. Minlərlə şarın eyni anda havaya qalxdığı mənzərəni və bənzərsiz təbii gözəlliyi görmək üçün ən yaxşı vaxt günəşin doğuşudur. O hava şarlarından birinə minməsəniz belə, gün tezdən oyanıb otelinizdən bu mənzərəni izləmək çox xoş bir təcrübə olacaq.
Ölüdəniz – Muğla (Fethiye)
Muğlanın Fethiye mahalına bağlı Ölüdəniz qəsəbəsi əvvəlcə özünəməxsus çimərliyi və möhtəşəm dənizi, sonra isə digər təbii gözəllikləri ilə Türkiyənin görməli yerləri sırasındadır.
Suyun durğunluğuna görə Ölüdəniz adlandırılan bu qəsəbənin dənizi 2006-cı ildə dünyanın ən yaxşı dənizi seçilib. Bölgə min illər əvvəl Likiya sivilizasiyasına ev sahibliyi etdiyi üçün zamanla bir çox tarixi xarabalıqlar tapılıb və tapılmaqda davam edir.
Türkiyənin cənub sahillərinə səyahət etmək və yayı rahat və sakit şəkildə keçirmək istəyirsinizsə, Ölüdəniz məhz sizin üçündür.
Salda gölü – Burdur
Təxminən 44 kvadrat kilometr səth sahəsi olan və Burdurun Yeşilova mahalına təxminən 4 kilometr məsafədə yerləşən bu karst gölü Türkiyənin ən təmiz və ən dərin gölləri arasındadır. Maraqlısı odur ki, bu, Yer kürəsində Marsın xüsusiyyətlərinə malik iki yerdən biridir. Ağ qumlu unikal çimərliyi olan göl mühafizə zonası elan edildiyi üçün onun ətrafında tikinti aparılması qadağandır. Bununla da göl və ətrafı öz bakirəliyini qoruyub saxlamış və korlanmasının qarşısı alınmışdır. Bu səbəbdən bölgədə çoxlu endemik bitki və heyvan növləri mövcuddur.
Nemrut dağı – Adıyaman
Adıyaman şəhərinin təxminən 78 kilometrliyində yerləşən Nemrut dağı 2150 metr yüksəklikdə yerləşir. Dağın özəlliyi ondadır ki, keçmişdə bölgədə yaşamış Kommagen sivilizasiyasının kralı Antioxos tərəfindən tikilmiş son dərəcə böyük daş heykəllərə malikdir. İş o yerə çatıb ki, bu dağdakı abidələr UNESCO tərəfindən Ümumdünya İrs Siyahısına salınıb.
Pamukkale Travertenləri – Dənizli
Dənizli deyəndə təbii ki, ilk ağıla Pamukkale Travertenləri gəlir. Dünyaca məşhur olan bu bölgə bir çox təbii gözəlliklərimiz kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir və qorunur. Travertinlərin tərkibindəki minerallar və termal sular onlara saf ağ rəng verir. O qədər ki, suyun müalicəvi olduğuna dair son dərəcə təəccüblü dəlillər var. Bölgədə 17 isti su hovuzu var, lakin siz burada yalnız bəzilərində, istənilən mövsümdə və istədiyiniz vaxt üzə bilərsiniz.
Göbeklitepe – Şanlıurfa
Şanlıurfa şəhərindən 20 kilometr aralıda, Örencik kəndi yaxınlığında yerləşən bu tarixi bölgə 12 min illik tarixi olan dünyanın ən qədim məbədidir. İş o yerə çatıb ki, bu bölgə İngiltərədəki dünyanın ən qədim tikililərindən sayılan “Stonehedge”dən 7000 il, Misir piramidalarından isə 7500 il yaşlıdır. Neolit dövrünə aid olan Göbeklitəpə ilk məbədin mərkəzi olması və buna görə də yer üzündəki ilk inanc olması baxımından əhəmiyyətlidir: Bu bölgədə 20-yə yaxın məbəd müəyyən edilib və indiyə qədər yalnız 6 məbəd aşkar edilib.