Close

07:52
26 Noyabr 2024

Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyi təsis edildi - FOTO

20-24 noyabr 2024-cü il tarixdə Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin Antalyada keçirilən 18-ci Milli Konqresində Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin təsis toplantısı keçirilib.

TNS xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan ürək-damar cərrahiyyəsi üzrə 80-ə yaxın aparıcı mütəxəssis iştirak edib.

Toplantıda türk dünyası ölkələri arasında bütün sahələr üzrə inkişaf edən əlaqələrdən söz açılıb, tibb sahəsində əlaqələrin, xüsusilə ürək-damar cərrahiyyəsi üzrə təcrübə mübadiləsinin artırılmasının vacibliyi vurğulanıb, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Toplantıda çıxış edən ölkə nümayəndələri öz ölkələrində ürək-damar cərrahiyyəsi, cərrahi təlim və xəstələrə qulluq sahəsində mövcud olan çatışmazlıqlar barədə məlumat verib, onların aradan qaldırılması istiqamətində yol xəritəsi müəyyən edilib, gələcəkdə həyata keçiriləcək təlimlərin əsası qoyulub.

Yeni yaradılmış Birlik Türk Dünyası ölkələrində ürək-damar cərrahiyyəsi sahəsində davamlı təhsil proqramları həyata keçirmək, bu ölkələrdən olan mütəxəssislərin qarşılıqlı təcrübə proqramlarında iştirakını təmin etmək üçün layihələr hazırlayıb. Layihə çərçivəsində həkimlər, tibb bacıları və perfuzionist mütəxəssislərin İstanbul və Ankarada 7-14 günlük təlim proqramlarında iştirakı planlaşdırılır. Bu layihələrin icrasına Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən də dəstək veriləcək.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, Prof. Dr. Kamran Musayev Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin yaradılmasının Türk Dünyası ölkələri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, elmi və praktiki məlumat mübadiləsinin daha sistemli aparılması üçün əhəmiyyətini yüksək qiymətləndirib, ölkələrimiz arasında inkişaf edən əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

Məlumat üçün bildirək ki, Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin yaradılması təşəbbüsü 19-21 may 2023-cü ildə Bakıda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi zamanı "Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masada irəli sürülüb.

138932bb-68fc-48a6-a4e9-d733448c5917 8efed4df-6e04-4743-8d86-920ff9bb4609 e5c31b49-5f62-497d-b762-40f5452a2411 1c3c7892-102e-483b-94ea-26b02fc7a3dd f12603cf-04e1-45b1-b3d0-f8b6a05b5ea4 2539bd13-aa27-4f93-99fd-b3ca26c323b8 1f60a8b7-b8ef-4655-ba0e-57ef2050104c b88b0652-f4a4-441c-8a0b-4f58e381b618 b4aa8f2d-c06d-481a-b856-81fa8fb2536f