Ersin Tatar Milli Məclisin deputatları ilə görüşdü
Noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Müstəqillik günüdür. Bu il dövlətin quruluşunun 41-ci ildönümüdür.
TNS xəbər verir ki, Prezident Ersin Tatar bu münasibətlə ölkəyə səfər edən KKTC-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Cavanşir Feyziyevi və deputat Tural Gəncəliyevi qəbul edib.
Cavanşir Feyziyev qardaş ölkənin bayram tədbirlərində iştirak etməkdən şərəf duyduqlarını bildirib. O, Türk Dövlətləri Təşkilatı (TDT) üzvləri ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün parlamentlərarası nümayəndə heyətlərinə bundan sonra da dəstək verəcəklərini deyib.
Ersin Tatar müstəqil və suveren Kipr dövlətinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib və iki ölkə arasında əlaqələrin inkişafını arzulayıb. Prezident həmçinin göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Milli Məclisin deputatları səfər zamanı Cümhuriyyət Məclisinin sədri Ziya Öztürklər və xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə də görüşüblər.