İstanbula niyə “xəyalların şəhəri” deyirlər?
Türkiyə dünyanın ən yaxşı turizm məkanıdır. Milyonlarla turistin arzusu Türkiyəni görməkdir. Sözsüz ki, Türkiyədə turistlərin ən çox görmək istədiyi, “xəyalların şəhəri” adlandırdıqları İstanbuldur. İstanbulun turistlər tərəfindən bu qədər sevilməsinə səbəb nədir?
Bir yerdən iki dənizə çıxışı olan, qədim memarlıq abidələrinin, müasir şüşəli göydələnlərin yerləşdiyi şəhər – bütün bunlar yalnız İstanbuldadır. İstanbulda olmaqla qədim və müasir dövrü müqayisə etmək imkanınız olacaq. Bu şəhərdə həm Asiya və Avropanı görmüş, həm də fəth etmiş olacaqsınız.
İki dinin birləşməsi
Hər bir turist, hətta ilk dəfə İstanbula gələrkən özünü şəhərin əsas meydanında tapır, burada Türkiyənin iki ən diqqətçəkən görməli yerlərini – Göy Məscidi və Ayasofyanı görür. Birincisi – şəhərin ən vacib məscidir. Əksəriyyətini müsəlmanların təşkil etdiyi əhali Göy məsciddə namaz qılır. Onun qarşısında isə ən qədim abidə – Ayasofya yerləşir. Bizans İmperatorluğunun mövcud olduğu dövrdə inşa edilən Ayasofya öz arxitekturasına görə möhtəşəmdir. Şəhər osmanlılar tərəfindən fəth edildikdən sonra məbəd məscidə çevrilib.
İstanbul turistləri Şehrazade nağıllarından qaynaqlanan xüsusi şərq ləzzəti ilə qarşılayır. Burada onlar sirlərlə zəngin olan antik dövrün ab-havasını, təbiətin yaratdığı qeyri-adi şah əsərləri və füsunkar Boğazın heyrətamiz mənzərələrindən həzz alacaqlar.
İstanbulun ən gözəl məkanları:
1. Ayasofya
Bizans İmperiyası dövründə inşa edilən Ayasofya 10.000 işçisinin beş illik zəhməti hesabına başa gəlib.
Məbədin özü kərpicdən tikilib, lakin bəzək üçün bahalı materiallardan istifadə edilib: fil sümüyü, qızıl, gümüş, qiymətli daşlar kimi. İlk adı Katedral olan bu məbəd 537-ci ildə təqdis edilib. 1453-cü ildə İstanbul fəth edildikdən sonra adı dəyişdirilərək Ayasofya qoyulub.
Məbəd İstanbulun köhnə hissəsinin mərkəzində, Sultanahmet səmtində yerləşir. 40 pəncərədən içəri daxil olan işıq səmada üzən günbəzin illüziyasını yaradır.
2. Yerebatan Sarnıcı
Yayda İstanbulda yeraltı cənnəti görmək istəsəniz, mütləq Sultanahmet ərazisində qədim yeraltı su anbarı olan Yerebatan Sarnıcı ziyarət edin. 10-12 m dərinlikdə çox maraqlı şeylər görmək olar.
9 m hündürlüyündə 336 sütununun olması Sarnıcı saraya bənzədir.
3. Süleymaniyyə məscidi
İstanbulun ən böyük məscidi Qanuni Sultan Süleymanın əmri ilə inşa edilib. Bina eyni vaxtda 5 min ziyarətçini qəbul edə bilər. Onun ərazisində məsciddən başqa hamam, mətbəx, mədrəsə, rəsədxana, kitabxana və 4 hündür minarə var.
89 zəlzələ görən məscid istedadlı memarların miras qoyduğu əzəmətini və cizgi zərifliyini qoruyub saxlayıb.
4. İstanbul Arxeologiya Muzeyi
Dünyanın ən böyük muzeylərindən biri sayılır. Muzeydə 1 milyona yaxın eksponat nümayiş etdirilir.
İstanbul Muzeyi Topqapı Sarayı və Gülhanə Parkının yanında üç binada yerləşir. Buraya Əsas Bina, Qədim Şərq Muzeyi və türk keramika nümunələri ilə döşənmiş Köşk daxildir.
Eksponatlar arasında turistlər Makedoniyalı İsgəndər və Zevsin büstlərini, Sidon nekropolunda tapılmış “Ağlayan qadın” sarkofağını, Kral Abdalonimosun Sidon sarkofağını, qədim yunan heykəllərini, Troya qazıntılarından əldə edilən artefaktları, Afina məbədinin fraqmentlərini görə bilərlər.
5. Kapalı Çarşı
Qapalı Çarşının tikintisinin başlanğıcı 1461-ci ilə təsadüf edir. Nəhəng bazar kompleksinə 22 qapı, 2 qapalı bazar, 24 mehmanxana, bazar meydanları, məscidlər, restoranlar, fəvvarələr, yeməkxanalar, hamam daxildir. Burada 4 mindən çox mağaza var və bütün ərazi 60-dan çox küçəyə bölünüb. Zinət əşyaları, ədviyyatlar, xalçalar, keramika, paltarlar, türk silahları satılır.
6. Xora Monastırı
Bizans dövrü mədəniyyətinin əks etdirən abidələrdən biridir. Dəfələrlə bina dağıdılıb, sonra bərpa edilib. Bu günə qədər gəlib çatan bina 11-ci əsrin sonlarına aiddir.
7. Qalata qülləsi
Qalata qülləsi eyniadlı körpü ilə birlikdə şəhərin simvollarından biridir. 61 m hündürlüyündə olduğu və təpənin üzərində yerləşdiyi üçün onu şəhərin demək olar ki, hər yerindən görmək mümkündür.