Türk İpək Yolu layihəsi: yeni sayt yaradıldı
Türk Dövlətləri Təşkilatı (TDT) Türk İpək Yolu Layihəsi üçün “Türk İpək Yolu” adlı (Turkic Silk Road) turizm məzmunlu internet saytı (www.turkicsilkroad.com) yaradıb.
Sayt TDT-nin üzv dövlətlərin töhfələri ilə ərsəyə gətirilib.
TNS “TRTHaber”ə istinadən xəbər verir ki, saytın yaradılmasında məqsəd Türk dünyasında tarixi İpək Yolunun turizm kontekstində müasir variantını aşkara çıxarmaq, üzv dövlətlərin turizm destinasiyalarını tanıtmaq, bölgəyə daha çox turist cəlb etmək və Türk dünyasındakı turistik yerlər haqqında fərqindəlik yaratmaqdır.
Yeni internet saytında TDT üzv ölkələrinin tanıtım fotoları və videoları, turizm istiqamətləri haqqında məlumatlar, Türk Dünyası ilə bağlı turizm sahəsində məqalələr, xəbərlər yer alıb.
Sayt Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın artırılması üçün məlumat və resurslar təklif edir.
Qeyd edək ki, ilk təsisçi adı “Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası” olan TDT-nin təməli Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin 2009-cu il oktyabrın 3-də imzaladığı “Naxçıvan Sazişi” ilə qoyulub.
Türk dünyasının ortaq tarixi və mədəni dəyərlərlə inteqrasiyasına xidmət etməyi hədəfləyən TDT üzv ölkələrlə iqtisadiyyatdan siyasətə, təhsildən mədəniyyətə, müdafiədən təhlükəsizliyə, gömrükdən nəqliyyata, turizmə qədər müxtəlif sahələrdə əməkdaşlığın zəmininin yaradılması istiqamətində fəaliyyətlər həyata keçirir.
Artıq regional miqyasda tanınmağa başlayan TDT 15 ildə 4,25 milyon kvadrat kilometr ərazisi və təxminən 160 milyon əhalisi olan üzv ölkələrlə Türk dünyasının geosiyasi mövqeyini gücləndirən beynəlxalq təşkilata çevrilib.
2021-ci il noyabrın 12-də İstanbulda keçirilən dövlət başçılarının 8-ci Zirvə toplantısında Türk Şurasının adının “Türk Dövlətləri Təşkilatı” olaraq dəyişdirilməsi qərarı beynəlxalq arenada Türk dünyasında inteqrasiya prosesində yeni dövrün başlanğıcı kimi şərh edilib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan kimi 5 tamhüquqlu üzvdən ibarət TDT-də Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası (ŞKTC) “müşahidəçi” kimi yer alıb.
Qərargahı İstanbulda yerləşən TDT Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, bütün ölkələrin müdrik insanlarından ibarət Ağsaqqallar Şurası, Dövlət Qulluqçuları Komitəsi və Katiblikdən ibarətdir.
Bundan əlavə, TDT Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA), Türk Akademiyası və Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkiyə İnvestisiya Fondu, Türk Mədəniyyəti və İrsi Fondu kimi mövcud əməkdaşlıq mexanizmləri üçün çətir təşkilat kimi xidmət edir.
TDT həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) kimi bir çox mühüm beynəlxalq təşkilatla tərəfdaşlıq edir.
15 il ərzində TDT təkcə üzv ölkələrin dövlət qurumları arasında deyil, həm də qardaş cəmiyyətlər arasında birliyi təmin etməyi bacarıb.
Ortaq təşkilatların fəaliyyətləri ilə insanların ortaq tarixi və mədəni dəyərlərə marağı artarkən, Türk Akademiyasının Türk Dünyası Ortaq Əlifba Komissiyasının 34 hərfdən ibarət Ortaq Türk Əlifbası ilə bağlı razılığa gəldiyinə dair son xəbərlər Türk dünyasında böyük sevinclə qarşılanıb.
Yarandığı gündən bəri dövlət başçıları səviyyəsində 10 sammitə ev sahibliyi edən TDT noyabrın 6-da Qırğızıstanda 11-ci sammitini keçirməyə hazırlaşır.
Xatırladaq ki, 22 avqust 2012-ci il tarixində Bişkekdə keçirilən 2-ci Zirvə Toplantısı çərçivəsində Xarici İşlər Nazirləri Şurasının 2-ci Toplantısı öncəsi keçirilən mətbuat konfransında Türk Dövlətləri Təşkilatının (keçmiş Türk Şurası) loqosu və bayrağı ictimaiyyətə təqdim edilib.
Loqo və bayraq üzv dövlətlərin milli bayraqlarının elementlərini ehtiva edir. Belə ki, Türk Dövlətləri Təşkilatının loqosu və bayrağı Azərbaycan Respublikasının bayrağının ulduzundan, Qazaxıstan Respublikasının bayrağının mavi rəngindən, Qırğız Respublikasının bayrağının günəşindən və Türkiyə Respublikasının bayrağının ayparasından ibarətdir.
Aygün