Türkiyə turizmdə yeni rekorda imza atdı
2024-cü ilin ilk doqquz ayında Türkiyəyə 49.2 milyon ziyarətçi gəlib, ölkə turizmdən 46.9 milyard ABŞ dolları gəlir əldə edib.
TNS xəbər verir ki, Türkiyənin ziyarətçi sayında illik artım 9%, gəlirlər isə 7% olub. Türkiyə bütün zamanların turizm rekordunu qıraraq, ilin sonuna qədər 60 milyon turist qəbul edəcək.
Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, turistlərin gündəlik orta xərcləmələri 107 ABŞ dolları olub: “İlk 9 ayda əldə etdiyimiz nəticələr Türkiyə tarixində ən yüksək göztəricidir”.
İstanbul bu müddətdə 14 milyondan çox turist qəbul edib. Türkiyənin turizm paytaxtı kimi tanınan Antalya isə 13.3 milyondan çox ziyarətçi qəbul edərək, Şərqi Aralıq dənizindəki liderliyini qoruyub.
Türkiyəyə ən çox Rusiya, Almaniya və Böyük Britaniyadan turistlər gəlib. Turistlərin Antalya, İstanbul, İzmir və Muğla kimi əsas turizm mərkəzlərinə axın etməsi il sonuna qədər davam edəcək.
2024-cü ilin yanvar-sentyabr aylarında 5.5 milyon rusiyalı turist istirahət üçün Türkiyəni seçib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 6% artım deməkdir. Eyni dövrdə alman turistlərin sayı 5.2 milyonu keçib. Türkiyəyə ən çox turist göndərən üçüncü ölkə Böyük Britaniyadır. Böyük Britaniyadan gələn turistlərin sayında 17% artım olub.
İlin ilk doqquz ayında 3.7 milyon britaniyalı Türkiyəni ziyarət edib.