Narinin qətli ilə bağlı yeni sübutlar üzə çıxdı
Türkiyənin Diyarbəkir vilayətində itkin düşdükdən 3 həftə sonra meyiti tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
TNS xəbər verir ki, azyaşlının əmisi Salim Güran ilə iş üzrə saxlanılan Nevzat Bahtiyarın telefon siqnallarından Narinin öldürüldüyü gün bir neçə saat eyni məkanda olduqları aşkarlanıb.
Nevzat Bahtiyarın verdiyi üç fərqli ifadə arasındakı ziddiyyətlər istintaqın gedişatını dəyişib. O, meyitin aparıldığı yerlə bağlı hər dəfə ifadəsində fərqli yerləri qeyd edib. Ancaq telefon siqnallarının araşdırılması işin açılması üçün mühüm rol oynayıb.
Belə ki, qətl günü saat 15:21-15:46 arasında Salim Güran və Nevzat Bahtiyarın mobil telefonlarının siqnallarının bir-birinə yaxın olduğu öyrənilib. Bu fakt onların birlikdə hərəkət etdiyini göstərir.
Araşdırmalar göstərib ki, siqnalın gəldiyi nöqtə məktəbin ətrafındakı daşlı yol olub. Kamera olmayan bu yol vasitəsilə isə meyitin tapıldığı dərə yatağına rahat getmək mümkündür.
Qeyd edək ki, hazırda digər qohumların da telefon siqnalları araşdırılır. Bununla da başqa kimlərin həmin ərazidə olduğu aşkarlanacaq.