Close

19:01
20 Sentyabr 2024

Narin itkin düşəndən dərhal sonra öldürülübmüş

Türkiyənin Diyarbəkir vilayətində itkin düşdükdən 3 həftə sonra meyiti tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

TNS yerli mətbuata istinadən xəbər verir ki, azyaşlının itkin düşdükdən dərhal sonra öldürüldüyü müəyyənləşib. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, Narin boğularaq qətlə yetirilib. Qətl əllə və ya qolun arxadan boyuna dolanması ilə həyata keçirilib. Uşağın boynunda, sinəsində göyərmə izləri aşkarlanıb. Onun cinsi təcavüzə məruz qalmadığı da ortaya çıxıb. Azyaşlı öldürüləndən dərhal sonra çaya atılıb.

Qeyd edək ki, avqustun 21-də günorta saatlarında Quran kursuna getmək üçün evdən çıxan Narin müəmmalı şəkildə itib. Ailəsi və qonşuları onun axtarışına başlayıb. Axtarışlar nəticə vermədiyi üçün azyaşlının atası Arif Güran hüquq-mühafizə orqanlarına müraciət edib.

Aparılan araşdırmalar zamanı Narinin ata-anası, qardaşı, əmiləri də daxil olmaqla 21 nəfər saxlanılıb. Sonradan onların bir neçəsi sərbəst buraxılıb, 12 nəfərin həbsinə qərar verilib. Həbs olunanlar arasında qızın anası, əmisi, əmisinin arvadı və digər qohumları da var. Cinayətdə azyaşlının anası Yüksəl Güran, əmisi Arif Güran və digər şəxslərin iştirakı təsdiqlənsə də, Narini kimin öldürdüyü hələ müəyyənləşməyib.