Close

20:50
19 Sentyabr 2024
20:30
19 Sentyabr 2024

TDK sədri: “Azərbaycan və Türkiyədə əlifbanın dəyişməsi…”

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət ortaq türk əlifbası təklifi ilə bağlı razılığa gəlib.

Bəs, Türkiyədə əlifba dəyişəcəkmi?

TNS xəbər verir ki, Türk Dil Qurumunun sədri, professor Osman Mert bu barədə “TRT Haber”ə danışıb.

O qeyd edib ki, sentyabrın 9-11-də Azərbaycanın paytaxtı Bakıda Türk Akademiyası və Türk Dil Qurumu (TDK) ilə birgə Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası keçirilib, ortaq əlifaba ilə bağlı razılıq əldə edilib.

Ortaq əlifba yaradılarkən bütün dialektlərin fərqliliklərinin nəzərə alındığını vurğulayan Osman Mert əlavə edib ki, Türk dünyasında əlifba birliyi məsələsi yeni məsələ deyil: “Ortaq türk əlifbası 1926-cı ildən planlaşdırılan, həyata keçirilməsi üçün uyğun şərait və vaxtını gözləyən bir layihə idi.

1926-cı ildə Bakıda I Türkologiya Qurultayı keçirilmişdi. Sovet İttifaqı dağılandan sonra - 1991-ci ildə İstanbuldakı Mərmərə Universitetində əlifba ilə bağlı müzakirələr təşkil olundu, 34 hərf məsələsində ilkin razılıq əldə edildi. Ancaq məsələ ilə bağlı daha sonra bir irəliləyiş olmayıb. İki il əvvəl Bursada Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq əlifba ilə bağlı toplantı keçirildi, Türk Dünyası Ortaq Əlifba Komissiyası yaradıldı. Komissiyanın Bakıda keçirilən üçüncü iclasında razılığa gəlindi”.

elifba1

O qeyd edib ki, bu, hər hansı bir ləhcənin istifadə edəcəyi əlifba deyil, çərçivə əlifbasıdır. Yəni bütün hərflərin cəmindən ibarət siyahıdır.

“Türkiyə və Azərbaycanda mövcud əlifbada heç bir dəyişiklik olmayacaq. Məsələn, Türkiyə başqa ləhcələrlə ortaq olan 29 hərfdən istifadə etməyə davam edəcək”, - deyə professor vurğulayıb.