Close

Antalyanın simvolu sayılan qədim Aspendos

Hər il milyonlarla turist kəşf edilməmiş tarixi məkanları ziyarət etmək üçün Türkiyəyə üz tutur. Belə tarixi yerlərdən biri də Antalya vilayətində yerləşən Aspendos şəhəridir.

Serik rayonunun 8 kilometr şərqində, Köprüçayının dağlıq bölgəsindən düzlüyə çatdığı yerdə e.ə. X əsrdə Akalar tərəfindən qurulmuş Aspendos antik dövrün çox zəngin şəhərlərindən biri olub. Şəhər biri böyük, biri kiçik iki təpə üzərinə qurulub. Coğrafiyaçı Strabon və Pamponrus Mela şəhərin agruslular tərəfindən qurulduğunu yazırlar. Bölgəyə e.ə. 1200-cü ildən sonra yunanlar köçüb. Halbuki, Aspendos adının mənbəyi rumlardan əvvəlki yerli Anadolu dilidir. Əhəmiyyətli bir ticarət yolu üzərində olduğu və Köprüçay çayı ilə limana bağlandığı üçün Aspendos hər dövrdə ələ keçirilmək istənən şəhərlər arasında yer alıb.

Şəhər 1930-cu ildə Mustafa Kamal Atatürkün göstərişi ilə bərpa olunub. “Bu teatrı restavrasiya edin. Ancaq qapısına kilid vurmayın. Burada tədbirlər keçirin”, - Atatürk tapşırıq verir. Beləliklə, dahi Atatürkün həmin göstərişindən sonra qədim teatra yeni həyat verilib. Restavrasiyadan sonra yeni həyatına qədəm qoyan bu ecazkar bina hər il Aspendos Opera və Balet Festivalına ev sahibliyi edir.

as1

Aspendos Qədim Teatrı və Aspendos Akvedukları 2015-ci ildə YUNESKO-nun Müvəqqəti İrs Siyahısına daxil edilib. Yüzlərlə illik tarixi ilə zamana meydan oxuyan teatrın eramızın 2-ci əsrində Roma dövləti tərəfindən inşa edildiyi düşünülür. Dünyanın ən yaxşı akustikasına malik olan bu bina aspendoslu Teodorun oğlu Memar Zenon tərəfindən tikilib. Səhnə binasının girişindəki yazılarda Kurtius Krispin və Kurtius Ospikat adlı iki qardaşın binanı tanrılara və imperatora həsr etdiyi oxunur.

Turistlərin ən çox görməyə can atdığı məkanlardan biri də Zeytintaşı Mağarasıdır.

Zeytintaşı Mağarası Antalyanın Serik mahalına 15 km məsafədədir. 1997-ci ildə daş karxanası işlətmək üçün çalışan işçilər tərəfindən təsadüfən kəşf edilən və 2013-cü ildə ‘Təbiət Abidəsi’ elan edilən Zeytintaşı Mağarası o gündən bu yana bölgənin turizm potensialına böyük töhfə verir.

as3

Rəsmi rəqəmlərə görə 2024-cü ilin 6 ayı ərzində Antalyaya 9 milyon 680 min turist gəlib. Gələn turistlərin böyük hissəsi bu qədim şəhərləri və tarixi məkanları ziyarət edib.