Close

Türkiyənin qədim gəzinti marşrutları

Türkiyədə çoxlu gözəl gəzinti yolu var. Bu yolların əksəriyyəti toxunulmamış vəhşi təbiətdən keçməklə yanaşı, Anadolu sivilizasiyalarının qədim yollarını da əhatə edir.

TNS həmin yolları təqdim edir:

Likya

Bu gün Türkiyənin qərbi Aralıq dənizinin Təkə yarımadası kimi tanınan yerdə yerləşən Likya özünəməxsus dili, möhtəşəm şəhərləri və heyrətamiz memarlığı ilə Anadolunun ən inkişaf etmiş sivilizasiyalarından biri idi. 23 şəhəri əhatə edən Likya Birliyi hətta müasir demokratik sistemlərə də təsir göstərib. Likya yolu Fethiyedən Antalyaya qədər bu sivilizasiyanın qalıqlarını kəşf etməyə imkan verən xüsusi hazırlanmış bir marşrutdur. Xanthos, Myra, Olympos, Aperlai və Simena da daxil olmaqla, böyük və kiçik Likya şəhərləri başlanğıcdan sona qədər təxminən 540 kilometrlik yolu əhatə edir.

Kariya

Likya sərhədindəki qədim Kariya sivilizasiyasının adını daşıyan Karian yolu 800 kilometr uzunluğunda olmaqla Türkiyənin ən uzun piyada yoludur. Aydın və Muğla vilayətlərindən keçərək kariyalıların izlərini davam etdirən bu marşrut beş mərhələdən ibarətdirş Başlanğıc nöqtəsi Marmarisin cənubundakı Bozburun yarımadasından keçir.

Pisidiya

Müasir Antalyanın cənubundakı mənzərəli dağlar arasında Pisidiya bölgəsini də əhatə edən bu marşrut qədim arxeoloji möcüzələrin və nəfəskəsən təbiət mənzərələrinin heyranedici birləşməsidir. Yol boyu təbiət möcüzələri olan Köprülü Kanyon, Çandır Yazılı Kanyonu, Kovada Gölü Milli Parkı, Eğirdir Gölü və Davraz Kasnak Palıd Meşələrini görmək mümkündür.

Hitit yolu

Anadolu imperiyası olan hititlər 450 illik hakimiyyətləri dövründə bəşər tarixinə bir çox yenilik gətiriblər. Hitit yolu 380 kilometrlik məsafəni əhatə edir və 17 fərqli marşrut və alternativi ehtiva edir.

Frigiya

B.e.ə. XII əsrdə Xetlərin dağılmasından sonra ortaya çıxan frigiyalılar Ankara, Afyonkarahisar, Eskişehir və Kütahya vilayətlərini əhatə edən geniş bir ərazidə məskunlaşıblar. Frigiya qaya abidələrinin ulduz nümunələrinin yer aldığı bu bölgə Frigiyalıların dini ayinlərinin və ictimai həyatının izlərini daşıdığı üçün universal əhəmiyyət kəsb edir. Buna görə Kütahya, Afyon və Əskişəhərin yerləşdiyi Dağlı Frigiya Bölgəsi 2015-ci ildən bəri UNESCO-nun Dünya İrsi Müvəqqəti Siyahısındadır.