İstanbul səyahət etmək üçün ən yaxşı 50 yerdən biridir

“T+L” səyahət jurnalı cəlbedici və unikal səyahət arzusunda olanlar üçün gediləcək istiqamətləri, şəhərləri və müxtəlif təcrübələri əks etdirən "2024-cü ildə səyahət üçün ən yaxşı 50 yer" siyahısını təqdim edib.
TNS xəbər verir ki İstanbul “Travel + Leisure (T+L)” təşkilatının "2024-cü ildə səyahət üçün ən yaxşı 50 yer" siyahısına salınıb, növbəti il üçün tövsiyə edilən səyahət məkanı olub.
Daha az tanınan istiqamətlər və İstanbul kimi dünyanın ən məşhur turistik yerlərini əhatə edən siyahı səyahətçiləri dünyamızı yeni yollarla kəşf etməyə ruhlandırmaq məqsədilə hazırlanır. İyirmidən çox səyahət mütəxəssisi şəxsi təcrübələrinə əsaslanaraq, tövsiyələrini aşağıdakı kateqoriyalar üzrə qruplaşdırıb: “Mənəvi doyum”, “Yeməklər və içkilər”, “Böyük şəhər həyəcanı”, “Su üzərindəki anlar”, “Təbiətsevənlər”, “Çimərlik əhval-ruhiyyəsi” və “Macərapərəst səyahətçilər”.
İki qitədə keçmiş və bu günü birləşdirən İstanbul "2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer"in "Böyük şəhər həyəcanı" kateqoriyasında ən yaxşı səyahət istiqamətlərindən biri olub.
İstanbul: Türkiyənin lüks və stil şəhəri
Tarixi yerlərini, multikultural quruluşunu əks etdirən memarlığı, canlı mədəniyyət və sənət səhnəsi, heyrətamiz və bənzərsiz zövqləri və geniş çeşidli alış-veriş alternativləri ilə çoxsaylı təcrübə təqdim edən, dünyanın ən məşhur şəhərlərindən biri olan İstanbul “T+L”-də ətraflı təsvir edilib.
Məqalədə İstanbulun 2023-cü ildə “T+L” oxucuları tərəfindən Avropanın ən yaxşı şəhəri seçildiyi və gözəl metropolün niyə ziyarət edilməli olduğu təfərrüatları ilə vurğulanır. Yazıda məşhur memar Renzo Piano tərəfindən İstanbul Boğazının sularından ilhamlanaraq dizayn edilmiş İstanbul Modern, İstanbul Rəsm və Heykəl Muzeyi və İstanbul Yarımadası haqqında geniş məlumat yer alır.
Məqalədə İstanbulun dəbdəbəli otelləri, müasir incəsənət dayanacaqları, “Michelin” ulduzlu restoranları və müxtəlif alış-veriş təcrübələri ilə modernizm şəhəri olduğu vurğulanır.
İstanbul tarixi abidələri, canlı sosial həyatı, muzeyləri, incəsənət və mədəniyyət tədbirləri və bənzərsiz kullinariyası ilə səyahətçilərə möhtəşəm səyahət təcrübəsi təqdim edir. Türkiyənin ən dinamik və canlı şəhərlərindən biri olan İstanbul “Conde Nast Traveller”, “Forbes” və “Time Out” kimi dünyanın aparıcı nəşrləri tərəfindən son illərdə müxtəlif kateqoriyalar üzrə tərtib edilən səyahət siyahılarına da daxil edilib.