Close

Ersin Tatar: "Şimali Kipr Türk Respublikası tanınmadan heç bir danışıq olmayacaq"

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

TNS Türkiyə mediasına istinadən xəbər verir ki, Ersin Tatar Kipr siyasətlərində heç bir dəyişiklik olmadığını, ŞKTC tanınmayınca Kipr rumları ilə masa arxasına oturmayacaqlarını bildirib.

BMT Baş Assambleyasının açılışı üçün Nyu-Yorkda olan Ersin Tatar Baş katib Quterreşlə görüşündən sonra "Türk evi"ndə jurnalistlərin suallarını cavablandırıb.

BMT çərçivəsində Kipr danışıqlarının yalnız ŞKTC-nin suveren bərabərliyinin və beynəlxalq statusunun tanınması ilə başlayacağını vurğulayan Tatar BMT Baş katibinin Kiprdəki reallıqları gördüyünü ifadə edib.

Şimali Kipr Prezidenti bildirib ki, harada əlaqələri inkişaf etdirmək istəsələr, Kipr rumları təhdidlərlə bunun qarşısını almağa çalışırlar: “Bu çağda bu anlayış qəbuledilməzdir. Türkiyənin dəstəyi ilə ədalətli mübarizəmizi sona qədər davam etdirmək əzmindəyik”.