Bütün türk dövlətləri Azərbaycanın yanında olmalıdır - BƏYANAT

Türkiyə Jurnalistlər Cəmiyyətləri Mətbuat Vəqfi, Türkiyə Jurnalistlər Federasiyası (TGF), Türk Dünyası Jurnalistləri Federasiyası və Azərbaycanın mətbuat nümayəndələrinin iştirakı ilə Bakıda keçirilmiş Türk Dünyası Jurnalistləri Şurasının 4-cü yığıncağının bəyanatı yayılıb.
TNS xəbər verir ki, bəyanatda Şuraya üzv qurumların Türk Dövlətləri Təşkilatının (TDT) daha da güclənməsi üçün media dəstəyi göstərməyə hazır olduğu bildirilib.
“TDT-yə üzv ölkələrin mətbuat nümayəndələrinin təşkilatlanmasının bu qurumun güclənməsinə töhfə verəcəyinə inanırıq. Hesab edirik ki, dünyada iqtisadi böhranın mövcud olduğu indiki dövrdə TDT üzvlərinin əməkdaşlığının möhkəmlənməsi, üzv dövlətlər arasında ticarət dövriyyəsinin artması iqtisadi problemlərin həllinə müsbət təsir edəcək.
TDT ölkələri təfərindən müştərək bir xəbər agentliyinin qurulmasında böyük fayda olacağını düşünürük.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi ilə bağlı hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk. Hesab edirik ki, Azərbaycanın haqlı mübarizəsində Türkiyə kimi bütün türk dövlətləri Azərbaycanın yanında olmalıdır.
Dünya ictimaiyyəti bunu bilməlidir ki, gələcək Türk dünyasındadır”, - bəyanatda qeyd olunub.