Close

12:54
18 Mart 2025

Smartfonlar diqqətimizin düşməni imiş

Telefonu sadəcə masanın üstündə saxlamaq belə, zehni performansı orta hesabla 20 faiz aşağı salır.

Beynəlxalq araşdırmalara görə, bu kiçik, lakin güclü cihazlar biz fərqinə varmadan diqqətimizi özünə çəkir.

TNS xəbər verir ki, araşdırmalara görə telefonlar tamamilə səssiz rejimdə olsa belə, “görəsən, bildiriş gəlibmi” düşüncəsi beynimizdə diqqətin yayınması üçün vasitə olur.

Elm adamları əlimizdə və ya yaxınlıqda telefonun olması ilə bağlı diqqət itkisini “zehni sızma” olaraq, xarakterizə edirlər. Çünki şüurlu şəkildə telefonumuza baxmasaq belə, beynimiz “hər an xəbərdarlıq almaq” narahatlığından tam fokus vəziyyətinə girməkdə çətinlik çəkir. Bu sızma kranı tam bağlaya bilməmək kimi bir şeydir ki, suyun damlaması kiçik bir detal kimi görünsə də, uzun müddətdə ciddi itkilər yaradır.

Xüsusilə imtahan zamanı telefonunu stolun üstünə qoyan tələbələrin telefonunu başqa otaqda qoyanlara nisbətən daha az bal topladığı müşahidə edilib. Avropada aparılan bir araşdırma göstərib ki, ofis mühitində işçilər telefonlarını gözdən uzaq saxladıqları zaman diqqət müddəti əhəmiyyətli dərəcədə artıb.

Telefonun bildiriş səsi və ya titrəyiş siqnalı diqqəti ən çox yayındıran amillərdəndir. Ancaq səssiz rejimdə belə, beyin hələ də "Bir bildiriş gəldimi?" narahtlığı ilə daim potensial xəbərdarlığa qarşı həssas olur. Mütəxəssislər vurğulayırlar ki, bu bölünmüş diqqət təkcə anlıq deyil, həm də gün ərzində fəaliyyətdə səmərəsizliyə səbəb ola bilər.

Telefonu gözdən uzaq tutmaq üçün nə edə bilərik?

Mütəxəssislər bildirir ki, masa üzərində qapalı qutudan və ya çəkməcədən istifadə etmək telefonu gözdən uzaqlaşdırmağa kömək edir. Beləliklə, beyin hərdənbir ekranı yoxlamaq istəyindən uzaqlaşa bilər.

Bundan başqa, müəyyən zamanın “telefona baxılmayacaq müddət” kimi təyin edilməsi bildiriş gözləmə vərdişini pozur.

Təcili olmayan tətbiqlərdən bildirişlərin söndürülməsi beynin hər zaman ayıq qalmaq yükünü azaldır.

Ciddi diqqət və ya mühüm görüş zamanı telefonu tamamilə fərqli otaqda saxlamaq zehni konsentrasiyanı artırır.

Aygün