Sizdən borc istəyirlərsə... - "WhatsApp" istifadəçilərinə xəbərdarlıq
Kiberdələduzlar bəzi istifadəçilərin "WhatsApp" hesablarını oğurlayır, onların yaxınlarından pul istəyirlər.
Təhlükəsiz platformalardan biri sayılan “WhatsApp” hesablarının dələduzların əlinə keçməməsi üçün nələr edilməlidir?
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Araz Mustafa mövzu ilə bağlı TNS-ə deyib ki, "WhatsApp"da təhlükəsizliyin təmin edilməsi üçün tətbiqin bizə təqdim etdiyi təhlükəsizlik funksiyalarından yararlanmaq vacibdir.
Araz Mustafa bildirib ki, istifadəçilər adətən "WhatsApp"ın bu funksiyalarından mürəkkəb olduğunu düşünərək yayınırlar: "Əgər bunda çətinlik çəkirlərsə, tanışlarından məsləhət almaqda fayda var. Təhlükəsizlik funksiyasını, yəni ikili autentikasiyanı aktivləşdirmək üçün "Whatsapp" tətbiqinin "parametrlər" hissəsindən "hesab" altmenyusuna daxil oluruq. "İki mərhələli təsdiqləmə"ni aktivləşdiririk. Telefona gələn SMS-ləri qəti şəkildə kiməsə bildirmək olmaz. Nəzərə almaq lazımdır ki, "WhatsApp" SMS yoluyla nömrə doğrulamasını aparır. Kiminsə "WhatsApp"dan gələn SMS-i əldə etməsi istifadəçinin hesabına daxil olmasına şərait yarada bilər. İstifadəçilər mütamadi olaraq "parametrlər" menyusundan "əlaqələndirilmiş cihazlar" hissəsinə də nəzarət etməlidir. Burada istifadəçinin aktiv sessiyaları görünür. Ümumiyyətlə, istifadəçilərin onlardan borc və ya maddi yardım istəyən qohumuna, tanışına zəng edərək, məsələni dəqiqləşdirməsi daha yaxşı olardı".
Ayşən Azadova