“Söndür-yandır, düzələcək” - İnternet problemi niyə həll olunmur?
“İnternetin sürətinin artırılmasının onun keyfiyyətinin yüksəlməsinə elə bir təsiri yoxdur.
Tutaq ki, 20 meqabit sürət istehlak edəndə olan problemlər sürəti 100 meqabitə qaldıranda da davam edəcək. Əsas olan sürətin artırılması yox, infrastruktur və idarəolunmadır”.
Bunu TNS-ə açıqlamasında informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə mütəxəssis Fərhad Mirəliyev deyib.
O bildirib ki, internetin keyfiyyəti bir neçə amillə ölçülür: “İnternetin keyfiyyəti əsasən, dayanıqlılığı, fasiləsizliyi, sürəti və s. ölüçülür. Mütəxəssislərin səhv qərarları, avadanlıqların tələblərə uyğun olmaması internetin verilişi zamanı tez-tez fasilələrin yaranmasına və s. problemlərə səbəb ola bilir. Ən geniş yayılmış problem trafik aclığı məsələsidir. Provayderin ya istifadəçiləri, ya da mövcud istifadəçilərin tələbləri artır. Bu zaman şəbəkədə trafik aclığı yaranır. Məsələn, şəbəkədə 100 meqabit sürətlə trafik dövriyyəyə buraxılır, amma istifadəçi sayı 5-dən 10-a yüksəlir. Say artıqca sürət daha çox insan arasında bölünür. Ona görə də istifadəçi sayı artdıqda tələb olunur ki, provayderlər sürəti də artırsınlar.
Bir çox halda bu faktora fikir verilmir. Provayder düşünmür ki, fəaliyyətə başlayanda 50-100 abonent vardısa, “N” meqabit saniyə sürətlə şəbəkə fəaliyyət göstərirdisə, abonenet sayı artıqca sürət də artırmalıdır”.
Mütəxəssis bildirib ki, internetin keyfiyyətində, davamlılığında yaranan problemlər avadanlıqla bağlı ola bilər: “İstismar müddəti bitmiş avadanlıq müəyyən rejimdə yüklənməyə hesablana bilər. Çox halda daha güclü avadanlıq tələb olunsa da, yenisi ilə dəyişdirilmir və bunun əziyyətini abonent çəkir. Problemi tapmaq üçün diaqnostika mərhələsi vacibdir. Düzgün diaqnostika ilə problemin əsas kökü ortaya çıxır. Yəni, nəticəni yox, səbəbi aradan qaldırmaq lazımdır. Bir çox halda isə operatorlar sahə üzrə mütəxəssis olmurlar. Hansısa problemi deyəndə “modemi söndür-yandır”, yaxud “biz buradan baxırıq, hər şey normaldır”, - kimi şablon cavablar verilir. Operator problemin nədən ibarət olduğunu doğru şəkildə qeydə ala və müvafiq bölməyə çatdıra bilməlidir ki, həll olunsun. Yəni bütün bunlar zəncirvari prosesdir. Düzgün qurulmadığı üçün kifayət qədər insan problemlə üzləşsə də, həllində nəticə yoxdur”.
Aygün