Süni intellektin təhlükələri: “Kibercinayətkarlar bundan istifadə edərək..."
Texnologiya inkişaf etdikcə bir çox sahədə insan əməyinə ehtiyac qalmır. Süni intellekt insanı tam əvəz edə bilməsə də, onun bir çox funksiyasını mənimsəyib.
Bu proses yaxın gələcəkdə dünyada hansı problemləri ortaya çıxara bilər?
Məsələ ilə bağlı TNS-ə açıqlama verən İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Araz Mustafa bildirib ki, süni intellektin əmək bazarında bir sıra ixtisaslar üzrə insanların yerinə keçməsi qaçılmazdır: "Bu yanaşma cihazların, avadanlıqların daha funksional, çevik olmasını təmin etməklə yanaşı, fərdlərin və cəmiyyətlərin sosial rifahının yaxşılaşdırılması baxımından mühüm rol oynayır. Süni intellektin inkişafı, onun bir sıra sahələrdə - o cümlədən sənayedə, tibdə, təhsildə, təhlükəsizlik sistemlərində, ətraf mühitin qorunmasında və s. yerlərdə tətbiqi geniş vüsət alıb. Məsələn, tibdə xəstəliklərin erkən diaqnozu, təhsildə şagird və tələbələrə uyğun fərdi ehtiyaca görə proqramların hazırlanması, nəqliyyat və logistika sahəsində marşrutların optimallaşdırması və s. kimi məsələlərdə süni intellekt əvəzsiz rol oynayır. Süni intellektin belə geniş tətbiqi fərd və cəmiyyətlərin sosial rifahında, sənayənin inkişafında, yoxsulluğun azaldılmasında, iqlim dəyişikliyi kimi qlobal məsələlərdə vacibdir.
Lakin bütün bunlarla yanaşı, onun gətirdiyi problemlər də qaçılmazdır. Müəyyən iş yerlərinin itirilməsi, məlumatların təhlükəsizliyi, qərar qəbuletmə zamanı səhvetmə riski, texnologiyaya nəzarətin itməsi kimi problemlər misal göstərilə bilər".
A.Mustafa qeyd edib ki, bu sistemlərin sürətli inkişafının işsizlik məsələlərinin yaranmasına səbəb olmasına görə narahat olmağa ehtiyac yoxdur: "Qədimdən indiyə qədər yeni texnologiyalar yarandıqca bəzi peşələr aradan qalxsa da, sonradan həmin texnologiyaya uyğun yeni iş yerləri açılıb. Məsələn, faytonlar və faytonçuluq avtomobillərin kütləvi istehsalından sonra ləğv edilmişdisə, nəqliyyat vasitələrinin geniş yayılması yeni iş yerlərinin açılmasına səbəb olmuşdu.
Süni intellektin istifadəsi də geniş vüsət aldıqca özü ilə bərabər digər məsələlər, problemlər gətirir ki, bu da digər iş yerlərinin açılmasına səbəb olacaq. Məsələn, süni intellektin gətirdiyi problemlər arasında böyük həcmli verilənlərin (big data) yaranması, onların analizi, təhlükəsizlik problemləri var ki, bu kimi işlərin görülməsi üçün əlavə iş yerləri açılacaq, mütəxəsislərə ehtiyac yaranacaq.
İnsan həyatı, sağlamlıq, cərrahi əməliyyatlar, hüquqi qərarlar və s. kimi ciddi məsələlərdə süni intellekt ilə yanaşı, insanların da iştirakı önəmlidir. Çünki süni intellekt hələ kifayət qədər təkamül prosesi keçməyib.
Nəinki süni intellekt, yaradılan bütün texnologiyalar düzgün istifadə edilmədiyi halda təhlükə mənbəyi hesab olunur. Bir daha istəyirəm ki, avtomobillə müqayisə edim. Məsələn, avtomobillər insanların nəqliyyat problemini həll edən bir vasitədir. Düzgün və qaydalar çərçivəsində istifadə etmədikdə çox ciddi fəsadlar törədə bilir. Süni intellekt və digər texnologiyalar da belədir, düzgün və müəyyən qaydalar çərçivəsində tətbiq edilmədikdə bizim üçün problemə çevrilir.
Düşünürəm ki, süni intellektdən istifadə gələcəkdə daha çox artacaq. Bunun həm müsbət, həm mənfi tərəfləri var. Elm adamları, həkimlər, müəllimlər və digər şəxslər onun müsbət imkanlarından yararlanacaq. Amma kibercinayətkarlar və dələduzlar bundan öz mənfi məqsədləri üçün istifadə edəcək".
Ayşən Azadova