Close

Valideynlərlə uşaqlar arasında uçurum: bunu necə aradan qaldırmaq olar?

Rəqəmsal dünya valideynlər və uşaqlar arasında ünsiyyət və anlaşma baxımından böyük fərq yaradır. Texnologiyaya birbaşa uyğunlaşan gənclər rəqəmsal platformalarda valideynlərindən daha sürətli irəliləyirlər. Lakin bu vəziyyət valideyn-övlad münasibətlərindən tutmuş uşaqların rəqəmsal təhlükəsizliyinə qədər bir çox sahədə ciddi risklər yaradır.

Belə ki, texnologiya həyatımızın hər anında varlığını hiss etdirsə də, bu transformasiya xüsusilə ailə ünsiyyətində əhəmiyyətli bir fərq yaradır. Rəqəmsal “yerlilər”, yəni texnologiyanın içində doğulmuş “Z” nəsli sosial mediaya və rəqəmsal platformalara tez uyğunlaşsa da, rəqəmsal “immiqrantlar” olan valideynlər bu yeni dünyaya ayaq uydurmaqda çətinlik çəkirlər.

Beləliklə, rəqəmsal uçurum ailələrə hansı təsirləri göstərir? Valideynlər bu boşluğu necə aradan qaldıra bilərlər?

TNS mövzu ilə bağlı “Trthaber”ə danışan İT üzrə hüquqşünas Nazlı Turhanın açıqlamsını tədqim edir.

O bildirib ki, valideynlərin bu boşluğu aradan qaldırmaq üçün ilk növbədə rəqəmsal vərdişlərini nəzərdən keçirməsi lazımdır: “Valideynlər övladlarının rəqəmsal dünyada vaxtlarını necə keçirdiklərini anlamadan nəzarəti ələ keçirməyə çalışırlar. Bununla belə, onlar əvvəlcə öz rəqəmsal davranışlarını təhlil etməli, daha sonra uşaqlarının rəqəmsal əlaqələrindən hansı məqsədlə istifadə etdiyini müəyyən etməlidirlər”.

Uşaqların internetdən sosial media, oyun və təhsil kimi müxtəlif məqsədlər üçün istifadə etdiyini bildirən Turhan valideynlərin bu fərqli istifadə məqsədlərini nəzərə alaraq, daha şüurlu və təsirli nəzarət mexanizmlərini inkişaf etdirmələrinin lazım olduğunu deyib: “Valideynlər texnologiyadan necə istifadə etdiklərini anlamadan uşaqlarını idarə etməyə çalışdıqları üçün problem böyüyür. Rəqəmsal savadlılıqda özlərini təkmilləşdirmək onlara uşaqlarını daha yaxşı başa düşməyə və rəqəmsal riskləri daha yaxşı idarə etməyə imkan verəcək”.

Hüquqşünas vurğulayıb, valideynlərin övladlarının internetdən istifadə müddətinə nəzarət etməsi vacibdir.

O həmçinin deyib ki, övladlarının rəqəmsal dünyada üzləşdiyi risklərdən xəbərdar olmaq üçün valideynlərin texnologiyanı yaxından izləməsi lazımdır: “Valideynlərin uşaqlarının istifadə etdiyi cihazlarda “firewall”, antivirus proqramları və uşaq filtrlərindən istifadə etməsi faydalıdır. Amma ən başlıcası odur ki, valideynlər bu təhlükəsizlik tədbirlərini görərkən övladları ilə açıq ünsiyyət saxlasınlar”.

Nazlı Turhanın sözlərinə görə, dövlətlər rəqəmsal dünyada uşaqları qorumaq üçün mühüm addımlar atır. O qeyd edib ki, valideynlərin bu resursları yaxından izləməsi və uşaqlarını rəqəmsal risklərdən qorumaq üçün lazımi addımları atması çox vacibdir.