Close

“Microsoft”dan Qəzza ilə bağlı qalmaqallı qərar

“Microsoft” Qəzzada öldürülənlər üçün səssiz aksiyalar təşkil edən iki əməkdaşını işdən çıxarıb.

TNS xəbər verir ki, “Microsoft”un işdən çıxarılan işçiləri Abdo Mohamed və Hossam Nasr “Associated Press”ə bildiriblər ki, onlar şirkətin Vaşinqtondakı Redmond şəhərciyində Qəzza qurbanlarını anmaq və “Microsoft”un bu soyqırımda iştirakına diqqət çəkmək üçün səssiz etiraz aksiyası təşkil ediblər.

Aksiyadan bir neçə saat sonra onlar işdən çıxarıldıqlarını öyrəniblər.

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda yaxınlarını itirən bir çox insanın şirkətdə çalışdığını vurğulayan Mohamed, “Microsoft”un ağrılarını paylaşmaq istəyən insanlara  hörmət ediləcək bir məkan yarada bilmədiyini qeyd edib.

“Microsoft” hadisədən sonra verdiyi açıqlamada daxili siyasətə uyğun olaraq bəzi işçilərin işdən çıxarıldığını bildirib, lakin mövzu ilə bağlı ətraflı məlumat verməkdən imtina edib.

Avqust ayında məlum olub ki, İsrail ordusu Qəzza zolağı və oradakı fələstinlilərlə bağlı topladığı məlumatların artmasından sonra  informasiyaları təsnif etmək və filtrləmək üçün “Amazon” bulud serverlərindən, “Microsoft” və “Google”un süni intellekt sistemlərindən istifadə edib.