Close

“Aztelekom” abunəçiləri 140 manat cərimələyir? – RƏSMİ AÇIQLAMA

Abunəçilər “Aztelekom”un onları cərimə etməsindən şikayətlənir. Belə ki, ödənişi gecikdirənlər 140 manat məbləğində cərimə olunduqlarını bildirirlər.

Abunəçilərin cərimələnməsi nədən irəli gəlir, ümumiyyətlə, hansı hallarda abunəçilər cərimələnə bilər?

“Aztelekom” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva məsələ ilə bağlı TNS-in sorğusuna cavab olaraq bildirib ki, müqavilə şərtlərinə əsasən, müştərilərin hüquqlarına zidd olmadan onlara 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz avadanlıq verilir və qoşulma həyata keçirilir: “Qeyd edilən şərt pozulduğu təqdirdə xidməthaqqı və avadanlığın ödənişi öhdəliyi müştərinin üzərinə düşür. Bənzər abunəlik şərtləri dünyanın bir çox ölkəsində tətbiq olunur.

Onu da vurğulayaq ki, bu, heç bir halda xidmətdən imtinaya görə tətbiq edilən hər hansı bir cərimə və ya əlavə ödəniş deyil, sadəcə 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz təqdim edilmiş avadanlığın dəyəridir”.

Qurum rəsmisi bildirib ki, uzun illər istifadədə olan mis xətlərin köhnəlməsi, sıradan çıxması, dövrün tələblərinə cavab verməməsi və hazırda bərpası üçün texniki imkanın məhdud olması səbəbindən köhnə texnologiya vasitəsilə göstərilən telekommunikasiya xidmətlərinin təqdim edilməsi qurumun texniki imkanları xaricindədir. A. Mustafayeva vurğulayıb ki, hazırda qurum tərəfindən mis xətlər üzərindən təqdim edilən rabitə xidmətlərinə alternativ olaraq GPON texnologiyası əsasında telekommunikasiya şəbəkəsinin qurulması və həmin şəbəkə üzərindən fiber-optik xətlər vasitəsilə daha keyfiyyətli telekommunikasiya xidmətlərinin (telefon, internet və s.) təqdim edilməsi ilə bağlı müvafiq işlər həyata keçirilməkdədir: “Xidmətlər passiv xətt olan GPON texnologiyası – fiber-optik xətt üzərindən verildiyinə görə modem olmadan işləmir.

Modemin abunəçi tərəfindən alınması, yaxud qurum tərəfindən təqdim olunması qaydaları qoşulma şərtlərində əksini tapıb. Qoşulma şərtləri barədə ətraflı məlumatla “Bakı Telefon Rabitəsi” MMC-nin saytında tanış olmaq mümkündür.

Vətəndaşlardan bütün hallarda yarana biləcək sual və təkliflərlə bağlı 24/7 rejimdə fəaliyyət göstərən Çağrı mərkəzlərinə – “Aztelekom” üzrə “170”, “Baktelecom” üzrə “155” qısa nömrəsinə müraciət etmələri xahiş olunur”.

Aygün