Close

23:50
19 Sentyabr 2024

Hibrid müharibələr - Əsas məsələ yeni texnologiyaya sahib olmaq deyil…

Livanda rabitə cihazlarında törədilən partlayışlar nəticəsində yüzlərlə insanın ölməsi, yaralanması bütün dünyada ciddi müzakirə olunur. Buradan belə nəticə ortaya çıxır ki, yüksək texnologiyalara sahib istənilən ölkə üz-üzə müharibə aparmadan digər ölkələrdə təxribat törədə bilər.

TNS-in mövzu ilə bağlı suallarını informasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev cavablandırıb.

Mütəxəssis bildirib ki, artıq dövlətlərarası münaqişələr zamanı yeni texnologiyalar, süni intellekt və digər s.  vasitələrdən intensiv istifadə etmək üçün şərait yaranıb: “Dövlətlər arasındakı müharibələr yeni mərhələyə qədəm qoyub. Klassik qaydada silahlarla, insan gücü ilə müharibə aparmaq üsulları arxada qalıb. Artıq hibrid müharibələr mərhələsinə keçilib. Bu müharibələr zamanı təkcə hərbi gücdən yox, əldə olan bütün texnoloji vasitələrdən istifadə olunur. Yeni üsulla hərbi qarşıdurmanı özündə ehtiva edən qaynar toqquşmalar rəqib ölkənin ərazisində idarə oluna bilən bir xaosun yaradılması ilə əvəzlənib”.

Onun sözlərinə görə, yaranan yeni reallıqların nəticəsi olaraq, hazırda bir çox ölkə silahlı qüvvələrini köhnə qaydalarla idarə etmir: “Artıq informasiya təhlükəsizliyi milli təhlükəsizlik anlayışına çevrilib. Yüksək texnologiyalara malik ölkələr qarşı tərəf üzərində üstünlüyə malikdir. Biz bunu Qarabağ müharibəsində də gördük. Hərbidə yeni texnologiyalardan istifadə etməyimizin əldə olunan zəfərimizdə payı çoxdur”.

ferhadmireliyev

Mütəxəssis vurğulayıb ki, əsas məsələ yeni texnologiyaya sahib olmaq deyil: “İlk növbədə bu texnoogiyaların təhlükəsizliyini təmin etmək lazımdır. Çünki qarşı tərəf həmin texnologiyanın məlumatlarını ələ keçirə, oraya “casus proqramlar” yerləşdirə bilər. Bu zaman həmin texnologiyalardan istifadə edən tərəf özünə zərər verər”.

Fərhad Mirəliyev hazırda üçüncü dünya müharibəsinin başladığını deməyin tez olduğunu qeyd edib: “Dünya müharibələrində dövlətlərin hərbi gücləri iştirak edir. Bu isə bir dövlətin başqa ölkənin ərazisində həyata keçirdiyi əməliyyatdır. Buna yeni nəsil müharibə və ya hibrid müharibə deyə bilərik”.