Close

22:00
18 Sentyabr 2024

İnternetdən imtina üçün nə qədər ödəniş edilməlidir? - RƏSMİ

Məlum olduğu kimi, avqustun 15-dən ölkədə internetin qiymətində artım olub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qiymətdəki artımdan sonra bəzi vətəndaşlar internet xidmətindən imtina edir və ya etmək istəyir. Məlumata görə, “Aztelecom” abunəçiləri internet xidmətindən imtina etdikləri halda cərimə olunacaqlar.

Yayılan xəbərlər nə qədər doğrudur? Abonentlər bir il ərzində abunəlikdən imtina edə bilməzmi?

Məsələ ilə bağlı “Aztelekom” MMC-nin mətbuat xidmətindən TNS-ə bildirilib ki, qurum telekommunikasiya xidmətinin keyfiyyətini artırmağa yönəlmiş addım kimi internet tariflərində dəyişiklik etmək qərarına gəlib: “Məlum olduğu kimi, internet qiymətində olan dəyişikliklər haqqında 30 gün öncədən media vasitəsilə məlumat verilib və qanunvericiliyə uyğun şəkildə 15 avqust 2024-cü il tarixindən etibarən həyata keçirilir. Bu tarif dəyişikliklərini etməkdə məqsəd müştərilərimizə daha yaxşı və effektiv xidmətlər təqdim etməkdir.

"Aztelekom" MMC rəqəmsal xidmətləri genişləndirərək müxtəlif telekommunikasiya layihələrini uğurla icra edir. Bu layihələrə yeni nəsil avadanlıqların quraşdırılması, fiber-optik telekommunikasiya şəbəkəsinin genişləndirilməsi və müasir standartlara cavab verən kommunikasiya infrastrukturunun yaradılması daxildir. Bu tədbirlər abunəçilərimizin məlumat və telekommunikasiya şəbəkəsindən daha dayanıqlı, təhlükəsiz və yüksək keyfiyyətli istifadə etmələrinə şərait yaradır”.

Məlumatda qeyd olunub ki, abunəlik müqaviləsinin şərtlərinə görə müştərilərin hüquqlarına zidd olmadan onlara 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz avadanlıq və qoşulma həyata keçirilir: “Yalnız qeyd edilən şərt pozulduğu təqdirdə xidmət haqqı və avadanlığın ödənişi öhdəliyi müştərinin üzərinə düşür (bənzər abunəlik şərtləri dünyanın bir çox ölkəsində tətbiq olunur). Bu, heç bir halda xidmətdən imtinaya görə tətbiq edilən hər hansı bir cərimə və ya əlavə ödəniş deyil, sadəcə 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz təqdim edilmiş avadanlığın dəyəridir.

Yeni tariflərin tətbiq olunduğu tarixdən sonrakı 30 gün ərzində əvvəlki abunəçilərimizə öz istəklərinə əsasən xidmətlərdən imtina etmək üçün vaxt verilib. Bu müddət ərzində abunəçilərimiz müqavilə şərtlərinə uyğun olaraq yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətlərindən istədikləri zaman imtina edə bilərlər. Bu halda borc öhdəliyi tətbiq olunmur və yalnız ödənişsiz verilmiş ONT avadanlıqların qaytarılması tələb olunur. Avadanlığın qaytarılması mümkün olmadıqda isə abonentdən onun dəyəri tələb edilir”.

Məlumatda vurğulanıb ki, müştərilərə daha rahat ünsiyyət və əlçatanlıq təmin etmək məqsədilə şirkətin 7/24 fəaliyyət göstərən “Çağrı Mərkəzi” – 170, sosial media hesabları və digər kommunikasiya kanalları abunəçilərin daim xidmətindədir.

Aygün