Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Onlayn oyun platformalarının gizli təhlükələri: zorakılıq, asılılıq, intihar...

Türkiyədə məhkəmə qərarı ilə bloklanan roblox.com onlayn oyun platformasının uşaqlara mənfi təsiri açıqlanıb.

Qeyd edək ki, platforma istifadəçilərə real vaxt rejimində birlikdə oyun yaratmaq, oynamaq və rəqəmsal dünyada başqaları ilə bir araya gəlmək imkanı təqdim edir.

Oyunçular “Roblox”da mövcud olan vasitələrdən istifadə edərək oyunlar inkişaf etdirə bilərlər. Ənənəvi oyunlardan fərqli olaraq məzmun istifadəçilər tərəfindən yaradılır.

Bəs, uşaqların onlayn oyunlarda məruz qala biləcəyi mümkün təhlükələr hansılardır?

TNS bununla bağlı Türkiyənin informasiya texnologiyaları hüququ üzrə eksperti Nazlı Turhanın yerli mediyaya verdiyi açıqlamanı təqdim edir.

Onlayn kanalların uşaqların "rəqəmsal oyun meydançasına" çevrildiyini deyən ekspert bu cür məkanlarda uşaqları hansı təhlükələri gözlədiyini açıqlayıb.

Ekspert vurğulayıb ki, uşaqların valideynləri ilə fiziki olaraq eyni zamanda və məkanda olduqları düşünülsə də, bu cür vasitələrlə rəqəmsal dünyaya bağlanan uşaqlar qavrayış baxımından valideynləri ilə eyni anda və eyni məkanda olmurlar: “Uşaqların xarici faktorları valideynləri ilə bir yerdə qavraya, dərk edə bilməməsi uşağı təhlükəli mühitdə tək buraxmağa bənzər bir vəziyyət yaradır. Uşağın qavrayış qabiliyyətini aşan bir dünyada nəzarətsiz olması onu təkcə müdafiəsiz qoymur, həm də onun qeyri-qanuni mühitlərin potensial qurbanına çevrilməsinə şərait yaradır”.

Kiber zorakılıq...

Ekspert bildirib ki, uşaqlar internetdə həmyaşıdları tərəfindən istehza, təhqir, təhdid və təqiblərə məruz qala bilərlər. Bu, uşaqlarda depressiya, narahatlıq, aşağı özgüvən və intihar düşüncələri kimi problemlərə gətirib çıxarır.

Uşaqlar internetdə böyüklər tərəfindən qəbul olunmayan mesajlar, fotolar və videolar vasitəsilə təcavüzə məruz qala bilərlər. Bu, uşaqlarda travma, qorxu, utanc, sosial izolyasiya kimi problemlərə yol açır.

Asılılıq

Uşaqlar internetə və onlayn oyunlara həddindən artıq aludə ola bilərlər. Bu, uşaqlarda zəif sosial bacarıqlar, konsentrasiyanın olmaması, yuxu problemləri və dərslərində uğursuzluq kimi problemlərə səbəb olur.

Uşaqlar onlayn fırıldaqçılar tərəfindən aldadılaraq şəxsi məlumatlarını paylaşa bilərlər. Bu, uşaq və ailələri üçün təhlükəlidir.

Uyğun olmayan məzmuna məruz qalma...

Uşaqlar internetdə zorakılıq, pornoqrafiya və nifrət nitqi kimi qeyri-münasib məzmuna məruz qala bilərlər. Bu, uşaqlarda psixoloji travma, inkişaf problemləri və davranış pozğunluqları kimi problemlərə gətirib çıxarır.

Aygün