Close

“Apple” populyarlığını itirir- Bu markalar onu qabaqladı

“Apple” artıq Çin bazarında ilk beş smartfon istehsalçısından biri deyil.

TNS xəbər verir ki, bu barədə Sinqapurda yerləşən "Canalys" araşdırma şirkəti öz hesabatında bildirib.

Məlumata görə, bu ilin ikinci rübündə Çinə smartfon tədarükü illik müqayisədə 10% artaraq 70 milyon ədəddən çox olub. Lakin ilk dəfə olaraq “Apple” və onun "iPhone"ları ilk beş təchizatçı siyahısına daxil edilməyib. İlk beşliyi Çin firmaları tutub.

Çin bazarının lideri smartfon satışlarını ildə 15% artıraraq 13,1 milyon ədədə çatdıran və 19% bazar payını qazanan “Vivo” brendi olub.

“OPPO” tədarüklərin ildə 1% azalaraq 11,3 milyon ədədə çatmasına baxmayaraq, 16% payla ikinci yeri tutub. “Honor” 15% bazar payı ilə üçüncü yerdə qərarlaşıb. Onun tədarükləri 4% artaraq 10,7 milyon ədədə çatıb.

Dördüncü olan “Huawei”nin bazar payı da 15% təşkil edir və onun göndərdiyi cihazların sayı 41% artaraq 10,6 milyon ədədə çatıb.

İlk beşliyi “Xiaomi” qapayıb. İkinci rübdə onun bazar payı 14%, tədarüklər isə 17% artaraq 10 mln. Olub.

İlk dəfə olaraq ilk beş şirkət siyahısından çıxarılan Amerikanın TNC Apple şirkəti tədarük həcminə görə altıncı yeri tutub. Onun bazar payı 14%, Çin bazarına göndərilən cihazların sayı isə 2% azalıb.