Close

Mobil telefonlarımız nə zaman lazımsız əşyaya çevrilir?

Həyatımızın vaz keçilməz əşyasına çevrilmiş mobil telefonlar günün birində bizi “yarı yolda” qoyur. Telefonlarda sosial şəbəkələrə, axtarış sistemlərinə daxil ola bilmirik, mövcud proqramları quraşdırmaq mümkün olmur. Problemi həll etmək üçün telefonu ustaya aparmaq da faydasız qalır. Artıq telefonumuz lazımsız əşyaya çevrilir.

Belə hal nə zaman və niyə baş verir?

Mövzu ilə bağlı TNS-ə danışan informasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev bir çox məqama aydınlıq gətirib.

Ən vacibi proqram təminatıdır...

Mütəxəssis bildirib ki, kompüter və mobil telefonlarda komponentin ən vacib hissəsi proqram təminatıdır: “Proqram təminatının olmaması və ya uğursuz olması istənilən ağıllı cihazları adi əşyadan fərqsiz edir.

Telefonlarda istifadə etdiyimiz proqram təminatı müəyyən qrup mütəxəssislər tərəfindən hazırlanır. Proqram təminatını həyata keçirən komanda onu elə bir formada yaradır ki, sonradan o digər proqramlarla da əlaqəli şəkildə işləyə bilsin. Məsələn, bu gün “Android” və “IOS”, “Windows" əməliyyat sistemləri günümüzün ən populyar əməliyyat sistemləri sayılır. 

Bu əməliyyat sistemlərinin üzərinə müxtəlif tətbiqi proqramlar yazılır ki, onlar da bizim gündəlik həyatımızda əvəzolunmaz rol oynayır. Proqram təminatı isə hər hansı bir müddətdə dəstək verilərək istifadəyə yararlı, aktual olaraq saxlanılır.

Yəni, proqram təminatının müəyyən bir ömrü var. Həmin proqram təminatının siyasətindən asılı olaraq 3-4 il, yaxud daha çox müddətdə dəstək olunur”.

F. Mirəliyev bildirib ki, proqram təminatına onun kodlayıcıları tərəfindən dəstək dayandırıldıqdan sonra rəsmi olaraq məlumat verilir: “Məsələn, biz “WhatsApp” istifadə etmək istəyirik. Amma bunu 2010-cu ildə istehsal olunan telefonda istifadə etmək mümkün olmayacaq. Çünki “WhatsApp” 2010-cu ilin telefonları üzərində işləyən komandasını daha yeni versiyalar üzərində işə cəlb edir və bunu da açıq şəkildə bəyan edir. Hər ilin öz komandası var, onlar da sonsuza qədər bu işi apara bilməzlər. Bir cihazın ömrü 5 il müddətində məhdudlaşırsa, bu, normal sayılır. Proqram təminatının dəstəklənməsi ən azı 3 il olur. Yəni 3 il ərzində yenilənmələr gəlir. Əməliyyat sisteminə artıq yenilənmələr gəlmədikdə bu amil, həm də informasiya təhlükəsizliyi üzrə insidentlərə səbəb ola bilər. 

Proqram təminatçıları təhlükəsizliyi təmin edə bilmədikləri üçün proqram təminatının quraşdırılmasını əngəlləyirlər”.

Müsahibimiz bildirib ki, istənilən proqram təminatı ilə bağlı bütün fəaliyyəti boyunca həm də xakerlər tərəfindən təhlil aparılır. Xakerlər həmin proqram təminatının boşluqlarını üzə çıxarmağa çalışırlar: “Bir tərəfdən xakerlər, digər tərəfdən yaradıcıları tərəfindən təhlillər aparılır. Xakerlər boşluq aşkarladıqda ondan istifadə etməyə çalışırlar. Proqram təminatının kodlayıcıları həmin boşluqları daha əvvəl tapmağa və aradan qaldırmağa səy göstərir. Xoşniyyətli xakerlər boşluq tapanda bunu şirkətə məruzə edir və əvəzində mükafat alırlar. Bədniyyətlilər isə tapılan boşluqları “qara bazara”da satırlar. Beləliklə, digər şəxslərin fərdi məlumatları artıq kənar şəxləsin əlinə düşə bilir. Qısası, təminatçılar proqram təminatı üzərində işlənilməyəcəyinə qərar verildikdən sonra bütün platformalarda quraşdırılmanı əngəlləyirlər. Çünki həmin proqram təminatı artıq təhlükəli sayılır.

Ona görə də kodlayıcılar çalışırlar ki, təminatı yeni saxlasınlar. Boşluqları aradan qaldırsınlar. Məsələn, “Samsung” bəyan etdi ki, “Samsung Galaxy A53-54” mobil telefonlarına 7 il ərzində dəstək verəcək. Bu da çox yaxşıdır”.

Aygün