Close

Smartfonların gətirdiyi bəla: gənclərin çoxu zənglərə cavab vermir

18-34 yaş arası insanların təxminən dörddə biri heç vaxt telefonlarına gələn zəngə cavab vermir.

TNS-in "The Times" agentliyinə istinadən verdiyi xəbərə görə, bu nəticə beynəlxalq "Uswitch" şirkətinin apardığı araşdırmalar nəticəsində ortaya çıxıb.

Agentliyin apardığı sorğuda müxtəlif yaşlardan olan 2 mindən çox insan iştirak edib. Onlara mobil telefondan istifadə edərək necə ünsiyyət qurmağa üstünlük verdikləri ilə bağlı suallar yönəldilib.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, “Z” nəslinin bir çox üzvü (1997-2012-ci il təvəllüdlü insanlar) zəngləri cavablandırmaq istəmir, smartfondan istifadə edərək mesaj yazmağa üstünlük verirlər. Yarıdan çoxu bunun səbəbini pis xəbər qorxusu ilə izah edib.

Onların 70%-i messencerlərdən, 37%-i isə səsli mesajlardan istifadə etməyə üstünlük verdiyini bildirib.

Zənglərə heç vaxt cavab verməyənlər isə əvvəlcə zəngə məhəl qoymur, sonra zəng edənə mətn mesajı ilə cavab verirlər.

Ancaq yaşlı nəslin nümayəndələri (35 yaşdan 54 yaşa qədər) telefonla danışmağa daha həvəslidirlər, onların yalnız 1%-i səsli mesajlara üstünlük verir.

1981-1996-cı illərdə dünyaya gələnlərin seçimi birbaşa söhbət kimi səsli mesajlardır.

Rövşən Ziya