Close

10:46
11 May 2025
10:30
11 May 2025

Agentlik: “Abşeron vadisi” “Silikon vadisini” təkrarlamayacaq

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə strategiyada yer alan bu hədəf də daxil olmaqla, ümumilikdə ölkənin innovativ mühitinin gücləndirilməsi üzrə bütün fəaliyyətlər əsas öhdəlik olaraq verilib”.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsindən TNS-in "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda yaxın 5 ildə Azərbaycanda “Abşeron vadisi” innovasiya klasteri yaradılması istiqamətində hansı işlərin görüldüyü barədə sorğusuna cavab olaraq bildiriblər.

“Burada bizim əsas yanaşmamız ölkəmizin unikal mədəni aspektlərini mənimsəyərək onu innovasiya ruhu ilə birləşdirməkdir. Dünyada ən çox rəğbət görən “Silikon vadisi” və ya Tel-Əviv modellərinin öz üstünlükləri olsa da, məqsədimiz bu modelləri təkrarlamaq deyil. Hədəf ən yaxşı qlobal təcrübələrdən ilham almaq və onları yerli innovativ mühitimizə uyğunlaşdırmaqdır”, - deyə əlavə edilib.

Qeyd olunub ki, Agentlik innovativ sahibkarlıq və rəqəmsal idarəetmədə ölkənin regionda lider olması kimi mühüm missiyaya xidmət edir: “Missiyanı həyata keçirmək üçün bütün mövcud vasitələrdən istifadə edirik. Bu, qanunvericiliyin təkmilləşdirilməsini, vergi sahəsində güzəşt və imtiyazların verilməsini, İKT üzrə yeni istedadların yetişdirilməsini, investisiyaların stimullaşdırılmasını, sahibkarlıq təfəkkürünün təşviqini və rəqəmsal hökumət xidmətləri üçün infrastrukturun gücləndirilməsini əhatə edir. Fəaliyyətlərimizə nümunə olaraq, Agentliyin həyata keçirdiyi texnopark rezidentliyini vurğulaya bilərik. Belə ki, artıq texnologiyalar parkının rezidenti olaraq texnoparkdan kənar fəaliyyət üçün 53 şirkət rezidentlik hüququ əldə edib. Məhz bu şirkətlər 10 il müddətində gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq vergisindən azad olunur. Eyni zamanda sosial sığorta ödənişi üçün təqdim edilən güzəşt və seçim imkanlarından da yararlanırlar”.

Agentlikdən deyiblər ki, ən fəal yerli və beynəlxalq ekosistem oyunçularına (biznes inkubatorları, akseleratorlar, universitetlər, biznes mələk klubları, kovörkinq məkanları, texnologiya icmaları, texnologiya mediaları və s.) dəstəyin göstərilməsi, yeni müəssisələrin formalaşmasının təşviqi, texnoloji bacarıqların inkişafı, təşəbbüslərin, ideyaların, yerli və xarici ekosistemlər arasında bilik və təcrübə mübadiləsinin aparılması, potensialın artırılması və innovativ sahibkarlıq ekosisteminin davamlı tərəqqisinin sürətləndirilməsi əsas məqsədlərdəndir: “Bu səyləri həyata keçirərkən texnoloji innovasiyalar və startapların yaradılmasını daha sürətləndirəcək, dəstəkləyəcək potensial platforma müəyyən edildi. Bu, virtual, fiziki texnoparklar şəbəkəsinin layihələndirilməsi və qurulmasıdır. Texnoparklar şəbəkəsinin yaradılmasında əsas məqsəd Azərbaycanda canlı və aktiv ekosistemin qurulması, buraya yüksək potensiallı rezidentləri cəlb edərək böyük bir icmanın yaradılması, eləcə də ölkənin regionun innovasiya “hub”ına çevrilməsidir.

Bu da öz növbəsində İKT, innovasiya ekosistemi sahəsində beyin köçünün qarşısını almaqla yanaşı, həm də ölkəni regionun IT mütəxəssisləri, innovatorları üçün cəlbedici məkana çevirir”.

Bünyamin Bünyadzadə