Dövlət qurumları arasında sənəd mübadiləsi nə üçün kağız üzərində aparılır? - Agentlik səbəbləri açıqladı

Rəqəmsal transformasiya xüsusilə dövlət-vətəndaş, dövlət-özəl sektor münasibətlərində xüsusi əhəmiyyət daşıyır. Bunlar dövlət-vətəndaş, dövlət-özəl sektor münasibətlərində effektivliyin, şəffaflığın, məhsuldarlığın artmasıdır.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin mətbuatla iş şöbəsindən TNS-in "Rəqəmsal hökumət"in formalaşdırılması ilə bağlı sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, dövlətin fiziki mühitdə təqdim etdiyi xidmətlər elektron mühitdə təqdim edilərkən dövlət xərcləri ciddi şəkildə azalır: “Bu, rəqəmsal transformasiyanın dövlətə verdiyi müəyyən üstünlüklərdir. Eyni zamanda vətəndaşlar, sahibkarlar da sürətlilik baxımından vaxt qazanır. Həm də vətəndaş-məmur münasibətləri minimuma enir”.
Məlumatda bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya prosesini bir neçə sahə üzrə aparır: rəqəmsal infrastruktur, rəqəmsal cəmiyyət, rəqəmsal biznes və rəqəmsal ekosistem, rəqəmsal hökumət. Bu sahədə fəaliyyətlərin icrası birbaşa olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə tapşırılıb.
“Bizim bu sahədəki əsas vizyonumuz hökumətin təqdim etdiyi bütün xidmətləri rəqəmsal formada vahid məkanlardan vətəndaş və bizneslərə çatdırmaqdır. Hazırda rəqəmsal hökumət istiqamətində bir sıra layihə və təşəbbüslər həyata keçirilir.
Bu təşəbbüslər arasında “Kağızsız hökumət” layihəsi önəmli və ölkənin rəqəmsal mənzərəsinə sürətli və müsbət təsir edəcək məqamlardan biridir. Bu yaxınlarda dövlət orqanları və qurumları arasında effektiv sənəd mübadiləsinin təmini üçün EHİS-in infrastrukturunda Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminin təşkilini nəzərdə tutan “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb.
Fərmanla təşkili tapşırılan altsistemin əsas üstünlüyü dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında sənədlərin real vaxt rejimində və təhlükəsiz qaydada inteqrasiyasının və həmin sənədlərin hərəkəti üzrə uçotun EHİS vasitəsilə həyata keçirilməsindən ibarətdir”, - məlumatda bildirilib.
Qeyd olunub ki, Rəqəmsal Sənəd Dövriyyəsinin formalaşdırılması “Kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi istiqamətində atılan mühüm addımlardan biridir: “Bunu geniş spektri əhatə edən bir layihə adlandıra bilərik. İlk komponentlərindən biri dövlət qurumlarında olan ESD sistemlərinin qarşılıqlı olaraq inteqrasiya edilməsidir. Hazırda mərkəzi icra hakimiyyəti orqanları daxil olmaqla dövlət qurumlarının əksəriyyətində daxili elektron sənəd dövriyyəsi proqramları istifadə edilir. Bu, o deməkdir ki, proseslər elektron sistem üzərindən aparılır. Lakin dövlət qurumları arasındakı sənəd mübadiləsi hazırda kağız üzərində aparılır. Bunun əsas səbəblərindən biri odur ki, qurumlar arasında sənədləri elektron formada mübadilə etdirmək üçün müvafiq platforma hazırlanmalı idi və eyni qaydada standartlar təyin edilməli idi. Həmin layihəni həyata keçirərkən bir neçə önəmli məqamı nəzərə aldıq. Elə bir həll təqdim etməli idik ki, dövlət qurumlarında olan ESD sistemlərini dəyişmək məcburiyyəti olmasın. Yeni sistemin qurulması həmin qurumlarda vəsait itkisinə səbəb ola bilərdi. Dövlət qurumlarında olan sistemi oranın əməkldaşları artıq uzun müddətdir ki, istifadə edirlər. Yeni həll onlara sözügedən məsələyə öyrəşmək, adaptasiya olmaq məcburiyyəti yaradacaq. Dünya təcrübəsində bunu vahid bir həllin tətbiqi ilə həll edirlər. Burada isə əsas problem bütün dövlət qurumlarını razı sala biləcək vahid sistemi ərsəyə gətirməyin çətinliyidir. Çünki dövlət qurumlarının iyerarxik quruluşu, strukturu fərqli olduğu üçün orada öz tələblərinə uyğun olaraq fərqli proqram təminatları istifadə olunur”.
Məlumatda bildirilib ki, “Kağızsız hökumət” çərçivəsində təqdim olunan altsistemin əsas üstünlüyü dövlət orqanlarının elektron sənəd dövriyyəsi sistemləri arasında sənədlərin real vaxt rejimində və təhlükəsiz qaydada inteqrasiyasının təmin edilməsidir.
“Hazırlanmış API-lər açıq mənbəli kodlardır, yəni hamı üçün qaynaq kodları açıqdır, eyni zamanda bu API-lərin inteqrasiya prosesi də çox rahatdır. Bu API-lər inteqrasiya edildikdən sonra, müxtəlif qurumlarda mövud olan ESD sistemləri vasitəsilə kağızsız sənəd mübadiləsinin təmin edilməsi mümkün olur. Həmçinin, ESD sistemini istifadə edən əməkdaşlar üçün də interfeys dəyişmədiyindən, istifadə rahatlığı qorunmuş olur. Yeni həllin əsas üstünlüklərindən biri də mübadilə olunan sənədlərin paket şəklində şifrələnərək mübadilə olunmasının təmin edilməsidir. Sənədlərin imzalanması üçün isə elektron imzadan istifadə olunur. Eyni zamanda, sənəd göndərilən quruma elektron imzanın həqiqiliyinin yoxlanılması üçün də servis təqdim olunur. Yeni arxitekturanın digər əsas üstünlüklərindən biri də texniki olaraq genişlənə bilməsidir. Yəni gələcək bu şlüz vasitəsilə dövlət orqanlarındakı digər proqram təminatları, özəl şirkətlərin, assosasiyaların və s. yaradacaqları şlüzları da inteqrasiya etmək imkanı mövcuddur.
Hədəflərimiz sırasında dövlət informasiya sistemləri ehtiyatlarının effektiv və çevik tənzimlənməsi ilə bağlı mexanizmlərin formalaşması, dövlət qurumları tərəfindən göstərilən xidmətlərin müəyyən edilmiş prioritetə uyğun olaraq rəqəmsallaşması, istifadə rahatlığının artırılmasını və proaktiv xidmətləri təmin etmək yer alır. Eyni zamanda, bütün dövlət xidmətlərinin (G2C, G2B, G2G) rəqəmsal mühitə keçirilməsi ilə bağlı prioritet istiqamətlər müəyyən edilib və strateji xətt həyata keçirilir. Data əsaslı qərar qəbul edən hökumətin formalaşması, məlumatların beynəlxalq standartlara uyğun idarə edilməsi üçün müxtəlifşaxəli platformalar və standartlar üzərində iş gedir”, - agentlikdən bildirilib.
Bünyamin Bünyadzadə