168 saat: Atəşkəs pozuldu, Ermənistanla sazişin mətni razılaşdırıldı, KİV-lərin fəaliyyəti dayandırıldı...

Mart ayının daha bir həftəsi başa çatdı.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin (10-16 mart) önəmli hadisələrinə nəzər salacağıq.
Prezident İlham Əliyev “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”na, “Tibbi sığorta haqqında” qanuna, Mənzil Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, “Texniki təhlükəsizlik haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara edilən dəyişiklikləri təsdiqləyib.
Dövlət başçısı hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramını, “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısını təsdiq edib.
Deputat Eldar Rza oğlu İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan və Şimali Makedoniya prezidentlərinin təkbətək, lanç əsnasında geniş tərkibdə görüşü keçirilib, dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini, BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.
Dövlətimizin başçısı Roma Papası Fransiskə Tacqoyma Günü münasibətilə təbrik ünvanlayıb.
Azərbaycan Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçi, Bolqarıstanın xarici işlər naziri Georq Georqievi, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib.
Bakıda Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilib. Dövlət başçımız Forumun açılış mərasimində iştirak və çıxış edib.
Azərbaycan Prezidenti Forum zamanı “Euronews” televiziyasına müsahibə verib.
Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi barədə də Sərəncam verib.
Dövlət başçısı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsinə dəyişikliyi, Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.
Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Ötən həftə Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatı müzakirəyə çıxarılıb. Baş nazir Əli Əsədovun təqdim etdiyi hesabat parlamentin plenar iclasında səsə qoyularaq, qəbul olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat verib. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı bildirilib.
Maraqlıdır ki, mətnin razılaşdırıldığın açıqlamasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan “Zəngəzur dəhlizi” ifadəsi onlar üçün anlaşılmaz və qəbuledilməz olduğunu bildirib.
Bundan başqa, həftə ərzində Ermənistan tərəfi bir nemə dəfə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana səfər edib, orada bir sıra rəsmi şəxslərlə görüşüb.
Rusiya Prezidenti Vladimir Putin isə Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri Vernon Kokerlə görüşüb.
Həftə ərzində Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, akityor Ənvər Həsənov, rəssam Nağdəli Xəlilov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib.
Baş Prokurorluq isə qanunvericiliyə uyğun olaraq, Elşad Tofiq oğlu Məmmədovu, Məhəmməd Fazil oğlu Mirzəlini və Məmmədov Qurban Cəlal oğlunu, Sadıqlı Tural Əlövsət oğlunu prokurorluğun İstintaq İdarəsinə çağırıb. Onlara Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
ABŞ Prezidenti Donald Tramp inqilab sayılacaq bir hərəkətə imza atıb. O, 83 ildir, fəaliyyət göstərən “Amerikanın səsi” radiostansiyasın bağlanması qərar verib. Bununla radionun fəaliyyəti dayandırılıb. O, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən və hökumət mediasına nəzarət edən Qlobal Media Agentliyinin ləğv edilməsi ilə bağlı da sərəncam imzalayıb.