168 saat: Soyqırımından 33 il ötdü, Ağ Evdə dava düşdü, terror təşkilatı silahı yerə qoydu...

Fevral ayının sonuncu həftəsi başa çatdı.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin (24 fevral-2 mart) önəmli hadisələrinə nəzər salacağıq.
Azərbaycana dövlət səfərinə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub.
Prezidenti İlham Əliyevin Məhəmməd Şahbaz Şərif ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib.
Azərbaycanla Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.
Prezident İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib. Prezident İlham Əliyev və Məhəmməd Şahbaz Şərif biznes forumda çıxış ediblər.
“Gülüstan” sarayında Azərbaycan Prezidenti adından qonağın şərəfinə dövlət ziyafəti verilib.
Azərbaycan Prezidenti Estoniyanın milli bayramı - Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Alar Karisə, Küveyt Dövlətinin milli bayramı münasibətilə Küveytin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik ünvanlayıb.
Dövlət başçısı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Fərman, “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında”, ‘“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında sərəncamlar imzalayıb.
Prezident Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasovu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.
Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım ediblər.
Azərbaycan Prezidenti və Birinci xanım Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, ona ad günü münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev Ərdoğanı Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında partiyanın Sədri vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik edib.
Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisaunun Prezidenti Umaru Sisoku Embalonun rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti ilə Umaru Sisoku Embalo arasında təkbətək və lanç əsnasında geniş tərkibdə görüşü keçirilib, iki ölkənin liderləri mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlət başçısı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə Fərman, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 27 iyun 2019-cu il tarixli və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Azərbaycan Prezidenti “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlaması ilə əlaqədar paylaşım edib.
Ötən həftə siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masaya Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri qatılıblar.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.
Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına səfər edib.
Bəhreyn Krallığında səfərdə olan Heydər Əliyev Fondunun nümayəndə heyəti Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb. Leyla Əliyeva və Arzu Əliyeva ilə görüşdə iki ölkə arasında mövcud əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri, bu əlaqələrin genişləndirilməsi üzrə layihələr, o cümlədən Heydər Əliyev Fondunun beynəlxalq layihələri müzakirə olunub.
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidəni ziyarət edənlər arasında Türkiyənin, İsrain, Böyük Britaniyanın Azərbaycandakı səfirləri, digər ölkələrin diplomatik missiyalarının rəhbərləri də olub.
Həftə ərzində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.
Ötən həftə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları başlayıb.
Həftə ərzində ölkə ərazisində əlverişsiz hava şəraiti hökm sürüb. Dağlıq ərazilərdə 25, Bakıda və Abşeron yarımadasında 8 dərəcə şahta olub, paytaxta və bölgələr intensiv qar yağıb.
Novruz bayramının əsas atributlarından olan çərşənbələr başlayıb.
Bakının Sabunçu rayonunda texniki spirt qəbul edən 16 nəfər ölüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb.
Azərbaycanın tanınmış filosofu, fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.
Ötən həftə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada 8-ci növbədənkənar qurultayı keçirilib. Qurultayda Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən partiyanın başqanı seçilib.
PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan isə tərəfdarlarına çağırış edərək, silahı yerə qoymalarını istəyib. Bu çağırışdan sonra PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb. İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani terror təşkilatının üzvlərinin silahı yerə qoyması ilə bağlı təşəbbüsləri dəstəklədiyini bəyan edib.
Həftənin ən çox müzakirə olunan mövzusu ABŞ Prezidenti Donald Trampı Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenski ilə qalmaqallı görüşü olub.
Tramp Ukraynaya dəstək məsələsinin müzakirəsi üçün Ağ Evə gedən Makronu qarşılamayıb.
Bundan sonra Tramp və Zelenski Ağ Evdə mətbuat konfransından öncə mübahisə ediblər. Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivləri haqqında söhbət aparılarkən onlar bir-birinin sözünü kəsməyə başlayıblar. Zelenski Tramp və ABŞ-nin vitse-prezident Ceyms Devid Venslə emosional mübahisədən sonra Ağ Evi erkən tərk edib.
O, ABŞ-dən Böyük Britaniyaya gəlib, burada Kral Çarlzla görüşüb.
Londonda Ukrayna üzrə Avropa sammiti keçirilib. Avropa dövlətlərinin təmsilçiləri Ukraynaya bir daha dəstəklərini ifadə edərək, yardım göstərməyə davam edəcəklərini bildiriblər.